Vətən savaşını dünyaya duyuran türk jurnalist: “Müharibənin ortasına düşmüşdük, bombalar...”

“Həmin vaxt operatorumuz Ömer Er ermənilərin müdafiəsiz insanlara qarşı vəhşiliyini çəkib, göstərdi”

“Nə yaxşı ki, illərdir gedib, dua oxuya bilmədikləri qəbirlər sahibsiz qalmadı”

“Azərbaycan qadınlarının səfərbərlik və hərbi xidmətə çağırış məntəqələrinin qarşısındakı izdihamını, məğrur duruşlarını unutmaq mümkün deyil”

“70 yaşındakı xalamız da əsgərlərə yemək bişirmək, kömək etmək üçün hazır idi”

“Odur ki, bu savaş ordusu ilə, xalqı ilə Azərbaycanın qurtuluş savaşı idi”


44 günlük müharibə dövründə əsla yalnız olmadıq. Əksinə, qardaş Türkiyənin dəstəyini daim hiss etdik. Rəsmi Ankara diplomatik müstəvidə yanımızda olmaqla yanaşı, həm də informasiya müharibəsində bizimlə birgə mübarizə apardı. Onlarca türkiyəli jurnalist ayrı-ayrı vaxtlarda ölkəmizə gəldi. Həmkarlarımız ən “qaynar” nöqtələrdə çəkilişlər apararaq haqq səsimizin dünyaya daha tez çatmasına çalışdılar. Həmin anlarda həyatlarını təhlükəyə atmaq bahasına olsa da, bunu bacardılar. Ona görə biz indi qələbə sevincimizi birlikdə qeyd edirik.

 Savaş dövründə Aəzrbaycanda olan həmkarlarımızdan biri də ATV kanalının müxbiri Özlem Aktay idi. Qadın jurnalist təəssüratlarını, qənaətlərini “Sherg.az”la bölüşdü:

- Müharibə dövründə Azərbaycanda olduğunuz günləri necə xatırlayırsınız?

- Cəbhə xəttində, əsgərlərlə birlikdə idik. Əslində savaşın düz ortasına düşmüşdük. Tərtərə, Gəncəyə, Goranboya, Mingəçevirə...atılan raketlərdən dəqiqələr sonra orda olurduq. Yəni qardaşlarımızın haqlı mübarizəsini cəbhədən izlədik.

- Siz və sizin kimi digər türkiyəli həmkarlarımız həyatlarınızı təhlükəyə ataraq bizi tək qoymadınız. Fəaliyyətinizin əhəmiyyətini nə cür qiymətləndirirsiniz?

- Bəli, Ermənistanın məlum təxribatından etibarən biz də qardaş ölkəyə gəldik. Ardınca müharibə başladı. Azərbaycan ordusu cəbhədə, erməni hərbçilərlə mübarizə aparanda düşmən mülki əhalini, o cümlədən qadınları, uşaqları hədəf alırdı. Neçə körpəni torpağa tapşırası olduq...Amma başda Fransa olmaqla, dünya mediası bunları görmək istəmədi. Əksinə, sosial media vasitəsilə təbliğat apararaq, fərqli bir fon yaratmağa çalışdılar. Ona görə də bizim çəkdiklərimiz, dediklərimiz çox əhəmiyyətli idi. Fikrimcə, xəbərlərimizlə Azərbaycanın haqlı səsini dünyaya çatdıra bildik.

- Ümumiyyətlə, bu dövrdə Türkiyə KİV-i nələr yazdı, hadisələrə hansı prizmadan yanaşdı?

- Bütün Türkiyə olaraq daim qardaşlarımızın yanında idik. Mən də daxil olmaqla, xeyli məsləkdaşımız Azərbaycana ezam olunmuşdu. Saatlarla yayımlar edirdik. Beləliklə, Ermənistanın insanlıq cinayətindən danışırdıq. Qəzetlərimizdə, televiziyalarımızda gündəm ancaq Azərbaycan idi. Qeyd edim ki, düşmənin Gəncə hücumu zamanı biz də qadınlar və uşaqlar kimi, bombaların altında qaldıq. Həmin vaxt operatorumuz Ömer Er ermənilərin müdafiəsiz insanlara qarşı vəhşiliyini çəkib, göstərdi.

- Azərbaycan və Ermənistanın informasiya məkanındakı davranışları arasındakı fərqi nədə görürsünüz?

- Ermənistan ilk gündən etibarən manipulyasiya ilə məşğul idi. Düşmən qara piarla tamam fərqli- həqiqətdən çox uzaq mənzərə yaratmaq istəyirdi. Öz çəkdikləri ilə özlərini dünyaya təcavüzə məruz qalmış kimi göstərmək istəyirdilər. Amma şükür ki, azərbaycanlı qardaşlarımız həm cəbhədə, həm də xəbər məkanında təxribatların qarşısını aldılar.

- Savaşda bilavasitə iştirak edən biri olaraq Azərbaycanın qələbəsini necə qiymətləndirirsiniz?

- Düzdür, müharibə cəbhədə aparılır. Amma ordunun arxasında xalq yoxdursa, qələbədən söhbət gedə bilməz. Azərbaycan qadınlarının səfərbərlik və hərbi xidmətə çağırış məntəqələrinin qarşısındakı izdihamını, məğrur duruşlarını unutmaq mümkün deyil.70 yaşındakı xalamız da əsgərlərə yemək bişirmək, kömək etmək üçün hazır idi. Dediyim kimi, dişi ilə, dırnağı ilə Azərbaycan ordusu müharibə apardı. Fəqət, arxalarında millətin dəstəyini, sevgisini hiss etdi. Odur ki, bu savaş ordusu ilə, xalqı ilə Azərbaycanın qurtuluş savaşı idi. Bu qələbə illər əvvəl vətənlərini tərk edən, əllərində paslanmış açarları ilə ata torpaqlarına qovuşacaqları günü gözləyən anaların zəfəridir. Nə yaxşı ki, illərdir gedib, dua oxuya bilmədikləri qəbirlər sahibsiz qalmadı. Nə yaxşı ki, biz bu şanlı tarixə şahidlik etdik. Bizi bağrına basan, evini, süfrəsini açan qardaşlarımızı unutmayacağıq.

- İki qardaş ölkə arasında ortaq media quruluşunun yaradılması təşəbbüsünü necə qiymətləndirirsiniz?

- Əlbəttə, birlikdə daha güclüyük. Tarixi qardaşlığımız bundan sonra strateji əhəmiyyətə malik jurnalistikada da öz əksini tapacaq. İki dövlət, bir millətə indi ortaq media quruluşu da əlavə olunur. Beynəlxalq aləmdə baş verənlərin ən operativ və obyektiv şəkildə təqdim edilməsi istiqamətindəki ortaq işlərimiz qardaşlığımızı bir az da möhkəmləndirəcək. Ümumiyyətlə, Türkiyə və Azərbaycan coğrafi, mədəni, tarixi əlaqələrlə bir-birinə bağlanan iki qardaş ölkədir. Təhlükəsizlik, ikili münasibətlər, regiondakı hadisələr baxımından Azərbaycanla qardaşlığımız əbədidir və sarsılmazdır. Bundan sonra daha da güclənəcək, önəmli təşəbbüslərlə birgə çıxış edəcəyik.