Mərkəzi Banka sərt reaksiya: "“...Şapka” almağı düşünür”

“Normal iqtisadi və idarəetmə sistemi olan ölkələrdə Mərkəzi Banklar hökumət yox, dövlət qurumu olur, bəlli müstəqilliyi olur, qərarvermə mexanizmində hökumətdən asılılığı olmur, əslində iqtisadi müstəvidə hökumətlərin "müxalifətinə" çevrilir. Niyə belədir?! Çünki, hökumətlər xərcləri artırmaq, kredit faizini azaltmaqla iqtisadi artıma nail olmaq, iqtisadiyyatı canlandırmağı istəyirlər, səbəbi də çox sadədir – növbəti seçkilərdə səs qazanmaq, siyasi dividentlər əldə etmək”.

Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli özünün Facebook hesabında yazıb. O, sözügedən qurumun funksiyası barədə mühüm məqama toxunub:

“Hökumətin populist siyasətini tənzimləmək üçün bu zaman Mərkəzi Banklar işə düşür, faiz (uçot) dərəcələri və digər iqtisadi tənzimləmə alətləri ilə iqtisadiyyatın lazım olandan artıq “qızmasına” imkan vermirlər, iqtisadiyyatın həm “təzyiqini”, həm də “qızdırmasını” aşağı çəkirlər (bəzən isə tam tərsi, “təzyiqi və qızdırmanı” artırırlar, amma hər bir halda hökumətin addımlarına çəki-düzən vermək üçün bunu edirlər). Yəni, çox qısa və bəsit şəkildə MB-ların rolunu belə izah etmək olar”.

N. Cəfərli “Sherg.az”a açıqlamasında yerli Mərkəzi Bankı Türkiyə nümunəsi ilə müqayisə etdi:

“Qardaş Türkiyədə AKP hökuməti və Ərdoğan iqtisadiyyata populist yanaşma ilə yanaşı birbaşa müdaxilələrlə də həmişə gündəmə gəlib. O, Mərkəzi Bankın müstəqilliyinə son verib, etibarlılığını azaldıb. Belə ki,​ ötənlərdə, gecə saatlarında Türkiyə Mərkəzi Bankında yeni işə başlamış Ağbalını işindən çıxardı. Əvəzində, özünə çox yaxın, AKP-dən əvvəl deputat olan birini - Kacıoğlunu MB rəhbəri təyin etdi. Təkrarlayıram, bunu gecə saatlarında etdi. Gözlədi ki, Türkiyədə və dünyada birjalar qapansın, səhm-valyuta bazarı prosesə dərhal reaksiya verə bilməsin. Ancaq elektron ticarət platformaları buna həmin an reaksiya verə bildilər. Lirə bir neçə saata 16%-dən çox dəyər itirdi, pik nöqtədə 1 dollar 8,36 lirə oldu. Bu gün səhər şifahi ​ müdaxilələrlə məzənnəni 1 dollar 7,91 lirə qədər saldılar. Halbuki Ağbal peşəkar addımlarla məzənnəni 7 lirə qədər salmışdı. İndi investorlar, bazar oyunçuları Mərkəzi Banka inanmırlar. Həm də Ərdoğanın təzyiqi ilə yaxın zamanda uçot dərəcəsinin azaldılacağını, deməli, “nakit bolluğu” olacağını düşünərək lirənin daha da ucuzlaşcağını gözləyirlər. Hə, bax belə, az-maz institutlaşmış iqtisadiyyatlarda Mərkəzi Bankların rolu, atdığı addımlar maraqla izlənilir, bazarlar buna reaksiya verirlər. Bizim ölkədə isə Mərkəzi Bank nəinki müstəqil qurum deyil, həm də iqtisadiyyata qarışmır. Öz balaca həyatı, öz dünyası var, ancaq banklara nəzarət funksiyası ilə pul qazanmağı, banklara likvidlik verəndə “şapka” almağı düşünür. O qədər siyasətə (iqtisadi siyasətə) qarışmayan orqandır ki, uçot dərəcəsi 6 il əvvəl 3% olanda istehlak kreditləri 30%, biznes kreditləri 25-26% idi. Sonra uçot dərəcəsi 15% olanda da eyni qaldı. İndi həmin göstərici 6,25%-dir, yenə dəyişən bir şey yoxdur...”.