"Ciddi düşünmək lazımdır, su resurslarımız çox azdır" - 

"Problemin həlli üçün indidən işlər görülməlidir. Bu işlər ağılla, hesabatlılıqla olmalıdır. "Azərsu" kimi qeyri-effektiv quruma 200 milyona yeni ofis tikməklə yox..."

"Dünyada 2,2 milyard insanın təmiz su resurslarına çıxışı ya yoxdur, ya da daimi deyil".

"Sherg.az" xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Feysbuk statusunda yazıb. 

Ekspert bəyan edib ki, bu rəqəm 2030-cu ildə 3,5 milyard nəfərə qədər arta bilər: 

"2009-cu ildə ABŞ-da, Seattle şəhərində maraqlı bir tədbirdə iştirak edirdim. Müzakirələr 2040-cı ildə dünyanı gözləyən təhlükələr ərtafında idi. Çıxış edən alimlərin, siyasətçilərin böyük əksəriyyəti yaxın illərdə  dünyanın ən böyük probleminin içməli su olacağını deyirdilər. Təmiz su resurslarına çıxış üçün dünyada müharibələrin belə ola biləcəyini söyləyirdilər. Bir neçə nəfər çıxışında dedi ki, 20-ci əsrin müharibələri enerji resursları, neft-qaz uğrunda idi, amma 21-ci əsrdə müharibələr içməli, təmiz su uğrunda olacaq".

N.Cəfərli vurğulayıb ki, Azərbaycan üçün də ən böyük problemlərdən biri şirin su resurslarının az olmasıdır: 

"Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi su resurslarına çıxışı artırdı, amma bu yetərli deyil. Cənubi Qafqazın ən az su resursu bizdədir. Ancaq ən çox əhaliyə də Azərbaycan malikdir. Yaxın 20-30 ildə Azərbaycanın əhalisi Gürcüstan və Ermənistanın birgə əhalisinin sayından 3 dəfə artıq ola bilər. Bu məsələ haqqında ciddi düşünmək lazımdır.  Problemin həlli üçün indidən işlər görülməlidir. Bu işlər ağılla, hesabatlılıqla olmalıdır. "Azərsu" kimi qeyri-effektiv quruma 200 milyona yeni ofis tikməklə yox...".