Müxalifət Paşinyansız seçki keçirmək niyyətində idi, alınmadı - ŞƏRH

"Artıq “Qarabağ klanı”nın “xaç ataları”ndan birinin müvazinəti pozulur"

“Mən siyasət səngərindən çıxmayacam, mən cəbhədən qaçanlardan deyiləm. Keçmiş həyatımla artıq sübut etmişəm ki, vəzifədən asanlıqla əl çəkə bilərəm, erməni xalqı naminə bütün hökumətdən əl çəkə bilərəm. Amma mən erməni dövlətçiliyini qoruyan səngəri heç vaxt tərk etmərəm. Bunda şübhəniz olmasın”. 

Bu sözləri Ermənistanın sabiq prezidenri Serj Sarkisyan martın 18-də məhkəmə önündə tərəfdarları qarşısındakı çıxışında deyib. O, həmçinin fəaliyyətlərinin dəqiq, hesablanmış, sistemli, məqsədyönlü və ədalətli olacağını əlavə edib. Görünür, baş nazir Nikol Paşinyanın son bəyanatları qarşısında müxalifət səssiz qalmaq istəmir. Hətta, ola bilsin, revanşistlər mövcud iqtidarın Azərbaycanla münasibətləri loyallaşdırmaqla bağlı fikirlərindən öz xeyirlərinə istifadə etmək niyyətindədirlər.

​ Məsələ baradə “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimovun fikrincə, revanşistlərin təlaşı əbəs deyil:



“Bunun seçkiqabağı müraciət, yaxud çağırış olduğu məlum olmasa da, keçmiş prezidentin narahatlığına əsas verən hadisələrin baş verməsi göz qabağındadır. Artıq “Qarabağ klanı”nın “xaç ataları”ndan birinin müvazinəti pozulur. Bu da təbii ki, Ermənistanda baş verən son hadisələr fonunda cərəyan edir. Ermənistan Respublika Partiyası iyunun 20-nə keçirilən seçkilərdə iştirakı barədə qərar qəbul etməyib. Çünki vaxt yox idi. Ermənistanda mövcud olan siyasi partiyaların, demək olar, hamısı növbədənkənar seçkilərin keçirilməsini tələb edirdi. Lakin seçkilərin keçirilməsi haqqında qərar qəbul edildikdən sonra müxalifəti təmsil edən bütün qüvvələr şahmat dili ilə desək, pat vəziyyətinə düşüb. Onlar sanki yeni yaranmış şəraitə uyğun hərəkət etməkdə çətinlik çəkirlər. Bu da Paşinyanın onların növbəti təzyiq vasitəsini əllərindən alması ilə əlaqədardır. Müxalifət Paşinyansız seçki keçirmək niyyətində idi. Yəni seçkilərədək Paşinyanın istefasına nail olaraq onu neytrallaşdırmaq və beləliklə seçkilərdə ona administrativ resurslardan istifadə etməyə imkan verməmək istəyirdilər. Amma hadisələr heç də onların arzuladığı istiqamətdə getmədi. Beləliklə, müxalif cəbhədə gərginlik bir az da artdı”.

Ə. İbrahimovun qənaətinə görə, müxalifət getdikcə zəifləyəcək:

“Növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar qərarın baş nazirin istədiyi formada qəbul edilməsi, Ermənistan Silahlı Qüvvələri keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın​ yeni kadr Artak Davtyanla əvəz edilməsi Paşinyanın müxalif qüvvələr üzərindəki ciddi qələbəsidir. Artak Davtyan kreslo arxasına keçər-keçməz bəyan edib ki, Ermənistan silahlı qüvvələri siyasi məsələlərdə neytrallığını saxlayacaq. “Konstitusiyadakı statusuna görə hökumətin nəzarəti altında fəaliyyət göstərən və eyni zamanda mülki nəzarətdə olan Ermənistan Silahlı Qüvvələri yalnız müdafiə, təhlükəsizlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını təmin etmək öhdəliyini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf olacaq.”- deyə, o, söyləyib. ​ Bu, müxalif qüvvələrin siyasi məsələlərdə hərbçilərdən istifadə etmək və Ermənistanda hərbi çevriliş həyata keçirmək planlarını alt-üst etdi. Həmçinin martın 18-də​ ​ Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” partiyasının başçısı Qagik Tsarukyanın görüşü baş tutub. Həmin müzakirədən sonra Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini dedi.​ Sarkisyanın qeyd etdiyimiz çıxışının sözügedən görüşdən əvvəl baş tutmasına baxmayaraq, növbədənkənar seçkilərin keçirilməsi haqqında razılaşma daha əvvəl həll olunub. Heç şübhəsiz, Sarksyan bu barədə məlumatlı idi və tərəfdarları qarşısında çıxışı zamanı nəzərdə tutulan seçki ilə bağlı ilkin fikirlərini açıqladı. Tsarukyan-Paşinyan görüşündən sonra ​ “Çiçəklənən Ermənistan” partiyasının yeni qüvvə kimi meydana çıxması​ mövcud vəziyyəti kökündən dəyişdi. Nəticədə müxalif qüvvələrin 5 aya yaxın müddətdə apardığı mübarizəni heçə endirdi. Bu, Nikol Paşinyanın istefasını tələb edən və “Çiçəklənən Ermənistan” partiyasının da iştirakçısı olduğu 17-lik formatın bitməsi mənasına gəlir. Radikal müxalifətdən təşkil olunmuş 17 partiyanın parçalanması artıq göz qabağındadır. 17 formatın “dağıntıları” arasından Robert Koçaryan, Serj Sarksyan və Qagik Tsarukyan görünməyə başlayır. Paşinyanın irəli çıxan bu qüvvələrlə seçki marafonuna qoşulması, heç şübhəsiz, onun “finişə” hamıdan əvvəl və ehtiyat qüvvə ilə çatmasına şərait yaradacaq”.

Politoloq, həmçinin bildirdi ki, hazırkı baş nazirin növbədənkənar seçkilərdə qalib gəlməsi müxalifətə baha başa gələcək: “Paşinyan-Tsarukyan sövdələşməsindən sonra siyasətçiləri bir məsələ düşündürür:

- Bu görüş “Çiçəklənən Ermənistan” partiyasının seçkilərdə iqtidar partiyasının köməyi ilə onun tərəf müqabili səviyyəsinə qaldırılmasına səbəb olacaqmı? Yəni Tsarukyan əvvəlki seçkidən daha çox yer tutmağa Paşinyandan zəmanət ala bilibmi? Belə ciddi məğlubiyyətə uğradıqdan sonra müxalif qüvvələr, o cümlədən​ Robert Koçaryan və Serj Sarksyan Tsarukyanın seçkiyə Paşinyanla tandemdə getməsinin əleyhinədirlər. Onlar haqlı olaraq hesab edirlər ki, Paşinyanla yaxınlıq Tsarukyana daha çox yer qazanmağa kömək edəcək. Bu yerlər də Ermənistan Respublika Partiyası və Robert Köçəryanın ciddi qüvvə itirməsi ilə nəticələnəcək. Bütün bu məsələlər-Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlməsi qorxusu Serj Sarksyanı hərəkətə keçirib. Çünki seçkilər Paşinyan üçün yeni qüvvə və imtiyazlar demək olacaq. O, baş nazir kimi indi icrasını həyata keçirə bilmədiyi məsələləri sona​ çatdıracaq.​ Ən əsası isə “Qarabağ klanını”nı darmadağın edərək erməniləri Köçaryan - Sarkisyan zülmündən xilas edəcək”.