Yaxın gələcəkdə onlayn təhsil də fərqli olacaq: Müəllimlərin rolu dəyişəcək

“Texnologiyalar 2020-ci ildə təhsil sahəsində tam hökmranlıq etdi. Yeni texnologiyalar tələbə və məktəblilərə yeni məlumatları daha asan əldə etməyə imkan verdi. Xüsusilə, böyük şəhərlərdə yaşayanlar üçün əlverişli oldu”.

 Bu sözlərin müəllifi  təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında fikirlərini belə izah etdi:

“2019-cu ildə dünyada onlayn təhsil bazarının həcmi 6,5 trilyon dollarla  ölçülüb.  2025-ci ilin proqnozu 8, 2030-cu ilin proqnozu isə 10 trilyon dollardır. Rusiyada onlayn təhsil bazarı  2019-cu ildə 38,5, 2023-cü ilə qədər isə 60 milyard rubla çata  bilər. Lakin artıq 2020-ci ildə pandemiya səbəbindən artım 60% təşkil etmişdi. Yaxın gələcəkdə onlayn təhsil də fərqli olacaq. Hər şeydən əvvəl müəllimlərin rolu dəyişəcək. Onlar yalnız müəyyən məzmun yaratmaqla yanaşı, mentor kimi çıxış etməyə başlayacaq, şagirdlərə psixoloji dəstək göstərəcəklər. Onlayn təlim prosesi özü daha maraqlı, həyəcanverici olmalıdır. Onun fokusu hər tələbənin yüksək bacarıqlarının inkişafı üçün bütün informasiyanı hər kəsə ötürmək istəyinə əsaslanmalıdır. Onlayn təhsilin daha keyfiyyətli olması üçün yeni tədris formatları və fərdiləşdirilmiş yanaşma lazımdır. Bu zaman hər bir şagirdin bilik qiymətləndirmə sistemi ilə fərdi təlim trayektoriyalarını qurmaq mümkün olacaq. Artıq 5 ildən sonra onlayn təhsil bazarının həcmi 350 milyard dollara çatacaq. İndi uzaqdan təhsil sənayesi ən sürətli və perspektivli sənayelərdən birinə çevrilib”.