Koronavirusdan ev şəraitində müalicə alan xəstələrin hamısında ağırlaşma var - Həkim-infeksionist

“Son günlərdə ev şəraitində gördüyüm xəstələrin hamısı ağır gedişlidir”.

Sherg.az xəbər verir ki, bu sözləri həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. Həkim qeyd edib ki, istər cavan, istər yaşlı insanlarda qısa müddətdə ağırlaşmalar görürəm:



“İki gün ərzində başlayan qızdırma 40 dərəcəyə qədər yüksəlir. Yüksək qızdırma hərarət salıcı preparatlara tabe olmur. Laborator göstəricilərə əsasən yazılan antibiotiklər effekt vermir, qızdırma düşmür. Qısa müddətdə ağciyərlərdə geniş həcimli zədələnmə inkişaf edir”.

 V.Cavadzadə əlavə edib ki, hətta ağırlaşan xəstələrə deksametazonda kömək etmir:

“Bir sözlə, kompleks müalicə istənilən klinik-laborator nəticə vermir. İki- üç gün ərzində xəstə sürətlə ağırlaşır, saturasiya sürətlə düşür. Onu da deyim ki, gördüyüm ağırlaşan xəstələrin hamısı ilk gündən Favipiravir qəbul ediblər. Onsuz da virus əleyhinə konkret dərman yoxdu. Favipiravir yazmaqla xəstəni daha tez ağırlaşdırırlar. Hətta ağır xəstələrə ancaq Favipiravirlə monoterapiya aparılır. Onsuz da ağır olan xəstə digər tərəfdən dərmanın toksiki təsirinə məruz qalır”.