Yəməndə müharibə başlaya bilərmi? - Şərh


“Amerika Birləşmiş Ştatlarının Yəməndəki müharibənin qarşısını almaq üçün təşəbbüs qaldırmasından sonra burada Husilərin “Ənsar Allah” hərəkatına qarşı 6 ildir ki, müharibə aparan Səudiyyə Ərəbistanı da başqa çıxış yolu qalmadığını görüb sülh üçün öz təkliflərini ortaya qoydu”.

Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov Səudiyyə Ərəbistanındakı vəziyyətə dair “Sherg.az”a danışarkən dedi.



O, hazırkı durumu belə dəyərləndirdi: “Beynəlxalq ictimaiyyət səudların gecikmiş və məcburiyyət altında meydana gələn  təşəbbüsünü müsbət qiymətləndirərək ona tərəfdar olduğunu ifadə etdi. Amma hüsilər Səudiyyə Ərəbistanı ərazisinə yeni raket zərbələri endirməklə buna qarşı çıxdıqlarını bildirdilər. Səudiyyə Ərəbistanı Yəməndə apardığı qanlı müharibədə öz istəyinə nail ola bilməyəcəyini lap əvvəldən başa düşmüşdü. Çünki onun yaratdığı koalisiya da formal səciyyə daşıyır və ən yaxın müttəfiqi olan Birləşmiş Ərəb Əmirliyi belə, husiləri müharibədə yalnız qoymuşdu. Meydanda tək qalan krallıq üçün Baydenin müharibəni saxlamaq haqqında göstərişi tətikləyici rol oynadı. Eyni zamanda səudilər öz istəklərindən də əl çəkmək istəmir, Yəməni İranın ixtiyarına buraxa bilmirlər. Husilərin “Ansar Allah “ hərəkatının hərbi nümayəndəsi, briqada generalı Yəhya Saria Səudiyyə Ərəbistanı ərazisinə yeni dron hücumu haqqında mütəmadi məlumat verir. Bu dəfə husilərin hədəfi Abxa aeroportu seçilib. Hücumda İran istehsalı olan Əbabil-T əsasında hazırlanan Qasef-2K pilotsuz təyyarəsindən istifadə olunub. “ Biz təsdiq edirik ki, hücum əməliyyatlarımız blokada və düşmənlik hərəkətləri bitənədək davam edəcək”-deyə general Twitterdə bildirib. General, həmçinin husilərin hava hücumundan müdafiə qüvvələrinin “Ansar Allah” qüvvələrinin fəal olduqları  Marib rayonunda  səudilərin Amerika istehsalı olan MQ-4 pilotsuz uçuş aparatının  vurulduğu haqqında məlumat verib”.

Professorun fikrincə, tərəflər arasında sülh mümkündür:

“6 il bundan öncə -2015-ci il martın 22-də- Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılığı altında ərəblərdən təşkil olunmuş koalisiya prezident Abd-Rabbu Mansuru Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə husilərə qarşı hərbi kompaniyaya başladı. “Ansar Allah” husi hərəkatı və “ Ümummilli Xalq Konqresi” partiyasının özəyi Yəmənin 20 faizinə nəzarət edir. Amma bu 20 faiz ərazidə əhalinin 80 faizi məskunlaşıb. Hadi hökuməti isə qalan ərazidə hakimdir. 2020-ci ilin fevralında Birləşmiş Ərəb Əmirlikləri qoşunlarını Yəməndən çıxardı. Səudiyyə Ərəbistanı isə hələ də husilərə qarşı müharibəni davam etdirir. BMT-nin Baş Katibi Antoniu Quterrişin pandemiya dövründə münaqişələrin dayandırılması üçün etdiyi çağırışa uyğun olaraq ərəb koalisiyası hərbi əməliyyatları dayandırmaq təşəbbüsündə  oldu. Amma atəşkəs uzun çəkmədi. Çünki husilər atəşkəsin əldə olunacağı şərtləri qəbul etmirlər. Son dövrlər husilərin Səudiyyənin ərazisini atəşə tutması halları intensivləşib. Bir ay ərzində “Saudi Aramco” dövlət neft şirkətinin Ər-Riyaddakı obyektləri dəfələrlə hücuma məruz qalıb. Son hücum zamanıı Səudiyyə Ərəbistanı tərəfindən edilən sülh təklifinə “ Ansar Allahın” özünəməxsus cavab verib. “Biz silahların tamamilə susdurulmasını istəyirik” deyə, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri şahzadə Feysəl ben Farhan bəyanat verib. BMT-nin nəzarəti altında atəşkəsin əldə olunması və beləliklə, hərtərəfli siyasi nizamlanmaya nail olmaq Səudiyyə Ərəbistanının təklifinə daxildir. Bununla Feysal bin Farhanın sözlərinə görə, krallıq husilərə İranın maraqlarına xidmət etmək əvəzinə, Yəmənə və Yəmən  xalqının maraqlarına uyğun addım atmağa şans verdiklərini bildirib.  Səudilər İrana qarşı düşmənlikdən əl çəkməyəcəklərini bir daha vurğulamış olurlar. Onlar İrana “Ansar Allahın” mənəvi ağası və husilərin silah-sursat təchizatçısı kimi baxırlar. Şahzadə, həmçinin qeyd edir ki, təşəbbüs husilər razılıq verən kimi qüvvəyə minir”.

 Politoloq, ziddiyətin davam edəcəyini istisna etmir:

“Lakin husilər Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin təşəbbüsünü qəbul etmədilər. Onların fikrincə, Yəmənin  altı il ərzində blokada və hücuma  məruz qaldığını təsdiqləməyən,  humanitar məsələləri hərbi və siyasi məsələlərdən ayırmayan, mühasirənin aradan qaldırmasını nəzərdə tutmayan istənilən mövqe, təşəbbüs ciddi və yeni deyil. Bu barədə husilərin rəsmi  nümayəndəsi və onların danışıqlarda  nümayəndə heyətinin rəhbəri Muhammad Abdessalam öz Twitter hesabında məlumat verib. Onun sözlərinə görə, Yəmənə qarşı hücumlara son qoyulmalı, Sana aeroportu və Hodeyda portunun açılması siyasi və hərbi hərəkətlərə bağlı olmamamlıdır. Husilər mart ayının ortalarında ABŞ-la Omanın hazırladığı təkliflərə qarşı da əks mövqe tutmuşdular. Bu təkliflər ərəb koalisiyasının Yəməni bombalamasını və husilərin Səudiyyə Ərəbistanı ərazisini atəşə tutmağı dayandırmağı nəzərdə tuturdu. Hodeyda portu və Sana aeroportu haqqında təkliflər də irəli sürülürdü. Yəmən üzrə ABŞ-ın xüsusi nümayəndəsi Tim Linderking Ər- Riyadın həmin planı dəstəklədiyini də bildirmişdi. Amerika da öz növbəsində Səudiyyənin planını dəstəkləyir. Həm Amerika , həm də Səudiyyənin təklif etdiyi plan BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin  planına uyğundur. Belə olan halda husilər “Səudiyyənin planında yeni bir şey yoxdur” deməklə haqlı olduqlarını ifadə edirlər. Deməli, krallıq həm Amerika, həm də BMT nümayəndəsinin təklifini husilərin əvvəllər rədd etdikləri öz istəklərinə uyğunlaşdırmağı bacarıblar”.

 
Ə. İbrahimov, həmçinin söylədi ki, husilər qisas almaqda qətiyyətlidirlər:

“İndiki halda husilərin heç kimə etibar etmədikləri göz qabağındadır. Onlar üçün əsas məsələ BMT TŞ-nin 2015-ci ildə qəbul etdiyi 2216 saylı qətnaməyə yenidən baxılmasıdır. Məlum olduğu kimi, bu qətnamə ölkədə münaqişəyə görə məsuliyyət husilərin və “ Ansar Allahın” üzərinə qoyurdu. Həm region, həm də dünya dövlətləri Yəməndə sülhə nail olmaq üçün edilən təşəbbüsləri müsbət qarşılayıb. Bu barədə İran diplomatik dairələri də müsbət reaksiyalar göndəriblər. Amma husilər uzun müddət məruz qaldıqları hücumların qarşılığını verməkdə ciddi maraqlıdırlar. Onların düşüncələrinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə törətdikləri vəhşiliklər cavabsız qalmamamlıdır. Səudiyyə Ərəbistanında cəzalandırılmalı olan şəxs isə vəliəhd Məhəmməd bin Salmandır. Deməli, vəliəhd Yəmən ətrafında gedən proseslərin “rejissoru” və həm də “aktyorudur”. Elə məhz buna görə də krallıq müharibəni özünün hazırladığı təkliflər əsasında dayandırmağa cəhd edir. Eyni zamanda öz ssenarisini BMT, ABŞ planı kimi təqdim etməyə nail olur”.