Erməni xalqı ilk dəfə doğru istiqamətlə gedir - Professor 

 “İnsanlar başa düşürlər ki, Qarabağ problemi onlara lazım olmamaqla yanaşı, həm də...”


 Bir çox ekspertlərin fikrincə, iyunun 20-də Ermənistanda keçiriləcək erkən parlament seçkilərindən sonra təkcə ölkədə deyil, regionda ciddi dəyişikliklər olacaq. Əslində hazırkı baş nazir Nikol Paşinyanın son bəyanatlarını bunun işartısı kimi də qəbul edə bilərik.

Belə ki, Naxçıvan dəhlizinin açılmasının əhəmiyyətindən danışan baş nazir Azərbaycanla kommunikasiyanın bərpa edilməsində maraqlı olduğunu deyib. Bunların “xal qazanmaq” üçün atılan addımlar olmadığına ümid edirik. Hər halda Paşinyanın “burnunun qanadığı” məlumdur. Yəqin, növbəti “Dəmir yumruq” istəməz.

 Rusiyada yaşayan soydaşımız, texnika elmləri dokroru, professor Kamran Rüstəmov növbədənkənar seçkilər barədə “Sherg.az”a danışarkən bunları dedi:

“Dəfələrlə yol ayrıcında qalan erməni xalqı ilk dəfə doğru istiqamətlə gedir. Bu gün başqa ölkələrdə yaşayan “missionerlər” müxtəlif addımlarla Ermənistanı iqtisadi böhrana sürüklədikləri üçün təəssüflənirlər. Əhali mütləq əksəriyyətə, xüsusən də gənc nəslə bədbəxtlik gətirən “Qarabağ klanı”nın rəhbərliyi altında yaşamaqdan bezib. İnsanlar başa düşürlər ki, Qarabağ problemi onlara lazım olmamaqla yanaşı, həm də çiyinlərinə əlavə bir yük qoyub. İllər əvvəl Köçəryan- Sarkisyan cütlüyünün milyarderə çevrildiyi bir vaxtda vətəndaşların tədricən yoxsullaşdığını nəzərə almaq lazımdır. Erməni mütəxəssislərinə görə, Sovet dövründə DQMV adlandıran regionun iqtisadiyyatı 75 faiz kiçilib. Görünür, nəhayət bəzi adamlar vəziyyəti düzəltmək barədə düşünürlər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də formalaşmasında maraqlı olduğu 3+3 platformasına gedən yolda mühüm addımdır. Biz regionda sülh və sabitliyin tərəfdarı olduğumuzu unutmamalıyıq”.