TƏKLİF: “Azərbaycan Qarabağa 500 min insan yerləşdirsin” 

“Qarabağda əhalinin sürətlə yerləşdirilməsi oradakı erməni kontingentinin diffuziyasını təmin edəcək”


“Ermənistana qaz, elektrik, internet, yol və s. kimi həyati vacib xidmətlərin Azərbaycanın nəzarətində olması, qonşuların siyasi-hərbi manevr imkanlarını məhdudlaşdırmaq, o cümlədən Turan dəhlizinin normal fəaliyyətini təmin etmək baxımından İrəvanı Bakıdan asılı vəziyyətdə saxlamaq üçün ən doğru addımdır”. 
Bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün Facebook hesabında yazıb.
O, məsələnin mahiyyətini “Sherg.az”a izah edib: 
“Burada əsas məsələ xidmət qiymətlərinin beynəlxalq səviyyəyə uyğun olmasıdır. İkinci vacib məqam isə Azərbaycanda və Qarabağda əhalimiz üçün erməniləri qısqandıracaq qədər yüksək səviyyəli iqtisadi inkişaf tempini, hüquqi və demokratik islahatları təmin etməkdən ibarətdir.

Belə olan halda, 30 ildən sonra Ermənistanda 10 faizdən çox erməni tapan şəxsə ali mükafat vəd edəcəklər. İnsan övladı doğulduğu elini, obasını adətən ailəsinin normal yaşayışı üçün tərk edir.

Bu proseslər Rusiyada yaşayan vətəndaşlarımızın böyük bir hissəsinin qayıtması üçün də impuls verə bilər. Azərbaycan yaxın 5 ildə Qarabağın inkişafını sürətləndirmək üçün azad edilən ərazilərə heç olmasa, 500 min əhali yerləşdirməlidir. Qarabağda əhalinin sürətlə yerləşdirilməsi oradakı erməni kontingentinin diffuziyasını təmin edəcək”.