Səməd Vurğunun bu bəndlərinə senzura icazə verməyib 

Azərbaycanın dahi xalq şairi Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bu 11 bəndin çapına 1938-ci ildə senzura icazə verməyib.

"Sherg.az"ın əldə etdiyi məlumata görə, Poema həmin ildə "Revolyusiya və Kultura" jurnalının 4 və 5-ci nömrələrində dərc olunmuşdur. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır.

Yüz il biz ayrıldıq ana dilindən,
Məktəbin adına dedik "uşkola"
Oxucum! Bir daha nəzər yetir sən,
Keçdiyin o qanlı, o qorxunc yola.

Yüz il Füzuliyə həsrət qalaraq,
Doğma anamıza söylədik "mama".
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıü gözümüzdən yaş dama-dama,

Yüz il nəfəsini çəkə bilmədi,
Şairlər oylağı böyük bir ölkə,
Yüz il öz qolunu çəkə bilmədi...
Tarix! Sənindir bu qara ləkə!

Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə...
Bağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qocalar yalvardı göyə...

Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu...
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara Azəri oğlu...

O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı,
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.

O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə "fahişə" sözü...
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.

O gündən göründü sarı paqonlar,
Boşaldı kəndlinin dolu xırmanı
Elləri qurd kimi taladı onlar,
Dedilər: padşahın sağ olsun canı.

O gündən ağladı aşığın sazı,
Dilində can yaxan dərdli haraylar.
Uçan durnaların küskün avazı,
Ötdükcə dinlədi ulduzlar, aylar.

Buludlar çaxnaşdı, hava daraldı,
Çumalar dolaşdı bizim elləri
Bizim ipəkləri Peterburq aldı,
Bəzəndi knyazın madmazelləri.

O gündən saraldı yaşıl təbiət,
Axdı həzin-həzin Kür çayı, Araz
Baş əydi qanuna kitab, şəriət
Ürəklərdə zədə, baxışlarda yas