Açıq havada, özü də tək gəzərkən məcburi maska taxmaq qərarı absurddur - Natiq Cəfərli


Artıq xeyli vaxtdır ki, bizimlə olan koronavirus canlar almaqda davam edir. İnsanlar getdikcə bədbinləşirlər. Hətta ən tanınmış həkimlər də COVİD-19 qarşısında acizdirlər. Görünür, həqiətən, deyildiyi kimidir: özümüz özümüzü qorumasaq, virusun “caynağından” qurtula bilməyəcək, onun qurbanına çevriləcəyik.

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli xəstəliyin tüğyan etməsinin başqa səbəbləri bu barədə “Sherg.az”a danışdı:

“Koronavirisun ölçüsü 0,1 mikrondur. Ən keyfiyyətli maskada məsamələrarası ölçü 0,3 mikron, ən pisində isə 10 mikrona qədərdir. Təsəvvür edin, 3 metr uzunluğu olan pələngi qəfəsə salmısız, qəfəsdə qoruyucu barmaqlıqlararası ölçü 10 metrdən 300 metrə qədərdir və deyirsiz ki, pələng ordan çıxmaz. Hələ bizdə insanların maskanı virusa yox, cərimə olunmamağa görə taxdıqlarını demirəm. Beləliklə, cəmi 2 saatdan sonra dəyişdirilməli olan adi tibb maskasından həftələrlə istifadə edirlər. Bu isə arzulanıldığının əksinə olaraq, müxtəlif xəstəliklərin mənbəyinə çevrilir”.

N. Cəfərli, həmçinin bəzi qərarlara etirazını bildirdi:

“Doğrudur, insan öskürəndə və asqıranda koronavirus tüpürcək damlaları ilə birləşib yayıla bilər.  O zaman damlacıq 1 mikrona qədər olur. Amma bu, məhz qapalı məkanlar üçün keçərlidir. Açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu "Deutsche Welle"-nin yazdığına görə Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb. Və cəmi bir xəstənin açıq havada yoluxduğu təsdiq edilib. Xülasə, qorunma imkanı yaratdığına görə qapalı məkanlarda mütləq maska taxılmalıdır. Lakin açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, mənasızdır, insan psixikasına və sağlamlığına ziyandır...”.