"12 ildi təhsildə övladlarımızın başına gətirmədikləri oyun qalmadı" - Famil Səfərov 

"Azərbaycanda elm və təhsilin inkişafı əvəzinə onun tənəzzülü dövrü başladı"

“XXI əsr özü ilə, dünyada elm və təhsilə bütün istiqamətlərdə sürətli inkişaf gətirdi. Xüsusən də rəqəmsal və nano- texnologiyanın intensiv inkişafı nəticəsində yeni sənaye inqilabları bir-birini əvəz etdi”. 
 Sherg.az xəbər verir ki, bu sözləri məktəb psixoloqu Famil Səfərov deyib. O qeyd edib ki, lakin, təəssüflər olsun ki, nə qədər paradoksal səslənsə də, yeni əsrin gəlişi ilə Azərbaycanda elm və təhsilin inkişafı əvəzinə onun tənəzzülü dövrü başladı: “ Ölkənin əsas elm ocağı olan Elmlər Akademiyasında və onun sahə İnstitutlarında vəziyyətin nə yerdə olduğu yəqin hər kəsə bəllidir. Böyük elmi potensialı olan, istedadlı və kreativ alimlər məlum səbəblərdən ölkəni tərk etdilər, onların yerini isə əsasən alimlik adı almaq xatirinə elmdə qurdalanan və "azərbaycansayağı" yollarla elmə gələn təsadüfi adamlar tutdular.  Aydın məsələdir ki, bu elmi baza ilə bizim ali təhsilimiz və universitetlərimiz də ən yaxşı halda, dünya universitetləri arasında reytinq sıralamasında 700-dən aşağı yerdə olmalı idi. Əlbəttə, Azərbaycan elmində və universitetlərdəki bu durum öz növbəsində təhsildə də müvafiq neqativ izlərini qoymalı idi. Əvvəlcə oturuşmuş bir təhsil sistemini qısa zamanda alt-üst edib dağıtdıq, ardınca dövlətin külli miqdarda vəsaitini nəticəsinə əmin olmadığımız bir təhsil proqramının sıfırdan tətbiqinə gözümüzü yumub xərclədik. Ölkə təhsilinə tətbiq etdiyimiz kurikulum proqramının 12 ildi övladlarımızın başına gətirdikləri hər birinizə yaxşı məlumdur. Amma, nə qədər qəribə səslənsə də bu təhsil proqramının tətbiqi metodikası, ümumiyyətlə, hələ yazılmayıb. Hərçənd, içərisi müxtəlif nəzəriyyələr və əcnəbi terminlərlə dolu "Kurikulum" kitabları yazılıb, amma, dediyimiz kimi bunlar yalnız elə nəticəsi sübuta yetməmiş ümumi nəzəriyyələrdir, ortada konkret təlim prosesini bütünlükdə özündə etiva edən metodik göstərişlər sistemi yoxdur”.
 
F.Səfərov təhsildə onu narahat edən daha bir məsələ barədə danışıb:
“Azərbaycan Respublikasının Təhsil Strategiyası adlı bir sənəd var, yəqin eşitmisiniz. Onu kimlər tərtib edibsə, onlar bu ölkədəki təhsilin durumundan tamamilə xəbərsiz adamlar olublar. Əvvəlki müvafiq sənədlərdən və ondan-bundan tərcümə edib bir həftəbecər sənəd hazırlayıb, təsdiq edib atıblar. Çünki illərdir təhsili yönəldənlər heç sabah nə edəcəklərini bilmirlər, onlara strategiya nə lazımdır ki?! Nəhayət, ölkə təhsilində tamamilə unudulmuş bir məsələ haqqında: Pedaqoji sahədə çalışan işçilərin peşə fəaliyyətini tənzimləyən, onların hüquq və vəzifələrini konkret olaraq maddə və bəndlərlə özündə ehtiva edən bir sənəd, yəni əsasnamə olmalıdır. Nə qədər paradoksal və gülünc səslənsə də, bu sənəd də ölkə təhsilində ümumiyyətlə yoxdur”.