Mironovun «dili» ilə mesaj: “Rusiya ərazilərini genişləndirəcək” – Qarabağın hesabına?

 “Rəsmi Moskvanın Qarabağla bağlı cəhdlərinin qarşısı alınmalıdır” 

“Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır”

“Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var qüvvəmizlə çalışmalıyıq!”


“Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib:  “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!””- Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün Facebook hesabında yazıb. 
 Politoloq bu barədə daha ətraflı “Sherg.az”a danışdı:

 “Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidir. Bu dövlət olan ərazilərini inkişaf etdirməkdə, bütün əhalini mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəkməyinə rəğmən, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Bəs Rusiya prezidenti Vladimir Putinin sankt-peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və... Dağlıq Qarabağ”... Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər. Yaxşı, Abxaziyanın, Cənubi Osetiyanın və Donbasın Rusiya ilə birbaşa sərhəddi var. Bəs Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın  Rusiya ilə sərhəddi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər”? 

E. Şahinoğlunun fikrincə, rəsmi Moskvanın Qarabağla bağlı cəhdlərinin qarşısı alınmalıdır: 

“Sergey Mironov tez-tez fikir dəyişdirən siyasətçidir. Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək: “Qarabağ  problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir. Bu düzgün olmazdı”. Üstündən 10 il keçdikdən,  müharibənin başlamasından cəmi iki gün sonra Mironov fərqli açıqlama verirdi:

“Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasının ardınca Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”.

Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi  dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.

Əslində Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyi”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi.

Əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasətidir. Kreml Krımdan sonra Donbası da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır.

Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz. Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır.
Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var qüvvəmizlə çalışmalıyıq!".