Ukrayna dilemma qarşısında: savaş, yoxsa...? - “ABŞ qorumayacaq”

“Müharibə başlasa, çox güman, Qərblə Rusiya arasında münasibətlər daha da kəskinləşəcək”

“Amma Kreml sanksiyalardan çəkinmir”

“Moskva qonşu ölkələri parçalamaq naminə istənilən riskə getməyə hazırdır”

Son vaxtlar baş verən siyasi proseslər, o cümlədən müəyyən bəyanatlar Ukraynanın öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə başlayacğını göstərir. Hətta Ukrayna prezidenti Vladimir Zelenski bu haqda xüsusi sənəd qəbul edib. Amma Rusiya da radikaldır. Ötən günlərdə Donbasda törədilən təxribat nəticəsində bir neçə ukraynalı hərbçisinin öldürülməsi onu deməyə əsas verir ki, Kreml öz hegemon siyasətindən əl çəkmir. Belə bir şəraitdə tərəflər arasındakı münasibətlərin necə davam edəcəyi isə sual altındadır. 

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ barədə “Sherg.az”a danışarkən rəsmi Kiyevi yol ayırıcında qoyan müxtəlif arqumentləri sadaladı:

“Bildiyiniz kimi, separatçılar müxtəlif təxribatlar törədirlər. Bu isə müharibə ehtimalını artırır. Lakin Moskva qarşı tərəfə mesajlar göndərərək onu hədələyir. Bildirir ki, savaş başlasa, Ukrayna daha çox torpaq itirəcək.

Düzdür, Ukrayna beş il əvvəlki deyil. İndi silahlanıb, güclənib. Amma düşmənin də gücünü nəzərə almalıdır. Hərbi əməliyyatlar başlasa, Ukrayna təkcə separatçılarla yox, həm də ruslarla mübarizə aparmalı olacaq.

Ona görə qərar verməkdə çətinlik çəkir. Fəqət, Kreml Ukraynanı müharibəyə sürükləsə, başqa variant qalmayacaq. Özünə hörmət qoyan digər dövlətlər kimi, rəsmi Kiyev də adekvat cavab verəcək. Qərbdən kömək istəyə bilər. ABŞ isə silah-sursat yardımı etsə də, Ukraynanı parçalanmaqdan qurtarmayacaq”.

 E.Şahinoğlu, həmçinin potensial savaş təhlükəsində rəsmi Bakının mövqeyi barədə  danışdı: 

“Rusiyanın planı aydındır- Ukraynanı parçalamaq. Bunu təcavüzə məruz qalan tərəf özü də bilir. Müharibə başlasa, çox güman, Qərblə Rusiya arasında münasibətlər daha da kəskinləşəcək. Amma Kreml sanksiyalardan çəkinmir.

Moskva qonşu ölkələri parçalamaq naminə istənilən riskə getməyə hazırdır. Hətta yerli partiyalar da separatçı bölgələri birləşdirmək barədə bəyanatlar verirlər. Əlbəttə, savaş başlasa, Azərbaycan neytral qala bilməz. Biz Rusiya ilə münasibətlərimizi qorumaq şərti ilə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməliyik.

Çünki rəsmi Kiyev bizə həmin jesti göstərmişdi. Dostluq da məhz bunu tələb edir”.