Düşmən Azərbaycana vurduğu ziyanı ödəməyə başlayıb

"Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun" 

"Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər"

Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin miqyası olduqca böyükdür. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, ümumi məbləğ milyard dollarlarla ölçülür. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib.

Ümumi zərərin miqdarının dəqiqləşdirilməsi və əvəzində kompensasiyanın ödənməsi isə Qarabağ məsələsinin mühüm aspektlərindən biridir. Məsələyə beynəlxalq hüquqi yanaşma da mövcuddur. Beynəlxalq hüquqa görə, məsuliyyət daşıyan dövlət digər ölkəyə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov isə deyib ki, artıq Ermənistan Azərbaycana dəymiş ziyanın ödənilməsinə başlayıb. Deputat bildirib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində müəyyən hüquqi səlahiyyətlərimiz var və bununla bağlı müraciətlər ediləcək: “Üçtərəfli bəyanata əsasən, Ermənistanın işğaldan azad edilmiş ərazilərdən öz qoşunlarını çıxarması dəymiş ziyanın ödənilməsinin bir hissəsidir. Dəymiş ziyanın ödənilməsinin 3 forması var: - dəymiş ziyandan öncə mövcud olan vəziyyətin bərpası, ikinci kompensasiya, üçüncü beynəlxalq hüquqa zidd hərəkət edən dövlətin üzr istəməsi. Artıq Ermənistan bunun birinci formasını həyata keçirib. Beynəlxalq hüquqi müstəvidə bunu edib. Kompensasiya məsələsi ilə bağlı da dövlətimiz lazımi addımları atır”. 

Siyasi şərhçi Fuad Heydər “Şərq”ə bildirib ki, Ermənistan işğal müddətində Azərbaycana vurduğu bütün ziyanı, maddi-mənəvi zərəri qeyd-şərtsiz ödəməlidir. Analitikin sözlərinə görə, düşmən törətdiyi hər cinayətin cəzasını mütləq çəkməlidir:

“Buna nail olmaq üçün bütün hüquqi vasitələrdən sonadək istifadə edilməlidir. Heç nəyi düşmənə güzəştə getmək olmaz. Uzun müddət işğalda saxladıqları torpaqlarımızın bir qismini döyüşsüz boşaltmaq Ermənistanın qarşısındakı əsas şərt idi. Ancaq ermənilər bunu öz xoşlarına etmədi. 44 günlük müharibədəki ağır məğlubiyyətdən və təslimçi sülhə imza atdıqdan sonra üç rayonumuzu boşaltmağa məcbur qaldılar. Amma hər üç rayonda vəziyyət çox acınacaqlı idi. Şəhər və kəndlər viran qoyulmuş, evlər, obyektlər, hətta ibadət ocaqları, məzarlar belə dağıdılmışdı. Bütün infrastruktur məhv edilmişdi. Əlbəttə, düşmən bunlara görə cavab verməlidir. Torpaqlarımızdan rədd olub getməklə canlarını qurtara bilməzlər”. 

F.Heydər xatırladıb ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb:

“Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib.

Həmin vəsaitin isə 48,7 milyard dollarının ödənilməsinə nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun.

Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər”.