Faciəni önləmək olardı

Bədbəxt hadisəyə xanımın məsuliyyətsizliyi səbəb olub

"18 yaşına çatmış hər bir xanım öz orqanizmi barədə bilgiyə sahib olmalıdır"


Şabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib. Hadisə rayonun Ceyranlı kəndində baş verib. Məleykə Vahab qızı Yusifova hamilə olub və  bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və M.Yusifova vəfat edib.

21 yaşlı ana bətnidəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir.

Baş verənləri “Şərq”ə dəyərləndirən həkim-ginekoloq Elnurə Mustafayeva bildirib ki, xanımların bu mövzuda maarifləndirilməsi çox vacibdir:

“Açıq-aydın görünür ki, dünyasını dəyişən qadın bilgisiz olub. Əlbəttə, həmin xanım məlumatlı olsaydı, belə hal yaşanmazdı. Ona görə də bu sahədə maarifləndirmə güclü olmalıdır.

Xüsusilə həkimlərin aktivliyi  vacibdir. Elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələr vasitəsilə bəzi məlumatları rahat şəkildə əldə etmək mümkündür. 

18 yaşına çatmış hər bir xanım öz orqanizmi barədə bilgiyə sahib olmalıdır. Qadın hamiləliyinin 10-cu həftəsinə qədər bilmirdi ki, arzuolunan övladdır, ya yox? Arzuolunan deyildisə, niyə hamilə qalırdı? Hamiləlikdən qorunmaq üçün ona uyğun olan təhlükəsiz vasitələrdən istifadə etməli idi.

Bu, bütün xanımlara aiddir. Dövlətimizin yaratdığı qadın məsləhətxanaları var. Həmin müəssisələr pasiyentləri ödənişsiz qəbul edib, informasiya verir.

Çox təəsssüf ki, bədbəxt hadisənin baş verməsinə səbəb xanımın məsuliyyətsizliyi olub”.