Təcili müşavirə:“Qarabağda terrorçu dəstələr aktivləşir”-Gərginlik!

Dünən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər iştirak ediblər.

Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.



Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bildirib ki, belə müşavirələr mütəmadi olaraq keçirilir.
Onun sözlərinə görə, ordumuz döyüş potensialını, qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə daim hazır olmalıdır:

“Əlbəttə, döyüş hazırlığının yüksəlməsi, hansısa tapşırığın yerinə yetirilməsi üçün mütəmadi işlərin görülməsi vacibdir. Təbii ki, bu işlər müvafiq proqram üzrə aparılır. Azərbaycan Ordusu qələbə çaldıqdan sonra bu proqram üzrə inkişafını davam etdirir. Müdafiə naziri də müşavirədə xüsusilə qeyd etdi ki, Vətən müharibəsi zamanı qazanılmış təcrübədən irəli gələrək həmin təcrübəni döyüş hazırlığında tətbiq etmək lazımdır.

Ordumuz əsas tapşırığı İkinci Qarabağ müharibəsində yerinə yetirib. Lakin təcrübəmizdən də bəllidir ki, müharibədən sonra azad edilən ərazilərdə terrorçu dəstələrin olduğu istisna edilmir. Hazırda dövlətimizin qarşısında mühüm bir məqsəd var: azad edilən ərazilərdə bərpa işlərinin aparılması. Bununla əlaqədar mühüm işlər görülür.

Təbii ki, bununla bağlı müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi də lazımdır. Ərazilərimizdə erməni millətindən olan və revanşist ideyalarla yaşayan “Qarabağ klanı”nın aktivliyi müşahidə edilir. Təbi ki, bu ideyalar Qarabağda yerləşən ermənilərə təsirdən yan ötmür. Bilirik ki, azad edilsə də, ərazilərimizdə müəyyən gərginlik saxlamaq istəyən qüvvələr var. Bu qüvvələr daha çox xaricdəki erməni diasporunun köməyi ilə revanşist ideyalarla çıxış edirlər”.

Polkovnik vurğulayıb ki, müharibədən əvvəl ermənilərin açıq-aydın partizan hərəkatına hazırlaşmaq üçün düşərgələrin tərtib edilməsi və həmin düşərgələrdə müəyyən terrorçuların hazırlanmasına dair bazaların yaranmasına dair məlumatlar var idi. Onlar bunu gizlətmirdilər:

“İndi isə vəziyyət dəyişib. Ərazilərimiz erməni işğalçılarından azad edilib. Lakin həmin ərazilər tam şəkildə nəzarətə alınmayıb.  Terrorçu qrupların aktiv fəaliyyətinə səbəb ola biləcək durum var. Hələ də əli silahlı ermənilər Azərbaycan ərazisində var. Onlar tərkisilah edilməyib. Məhz bu şəxslər rus sülhməramlıların nəzarətindədir. Ordumuz aktivlik göstərərək müəyyən ərazilərimizdə kəşfiyyat işləri aparıb, nəzarəti gücləndirməlidirlər. Silahlı qüvvələrimiz antiterror əməliyyatına hər an hazırlıqlı olmalıdırlar. Bu baxımdan Müdafiə nazirimizin də keçirdiyi müşavirə bununla bağlıdır”.