Başlandı !Qarabağda quruculuq işləri planlı şəkildə aparılacaq 

Bərpa işlərində yerli əhali, həmçinin, ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız iştirak edəcək


“Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı. İşğala son qoyuldu. Müharibə bitdi. Bütün tarix boyu, ayrı-ayrı əsrlərdə, illərdə yaşanmış müharibələrdən sonrakı vəziyyəti hazırda Azərbaycan da yaşayır.

Fərq burasındadır ki, Azərbaycanımızın üzləşdiyi, qarşı-qarşıya gəldiyi düşmən hədsiz qəddar, nankor, dağıdıcı, ziyanverici, vəhşi idi. Bunu cənab Prezident çıxışlarında vurğulayıb. Hər dəfə işğaldan azad edilmiş hansısa bölgəyə səfərləri zamanı, cənab Prezident də, bu səfərlərdə daim onunla yanaşı addımlayan ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da gördükləri acı mənzərədən necə mütəəssir olduqlarını dilə gətirib, dağıdılmış, viran edilmiş yurd yerlərimizin, şəhərlərin, kəndlərin görüntülərini paylaşıblar. Artıq bütün dünya erməni vandalizminə şahiddir. Bu mənada hazırda dövlətimizin qarşısında çox çətin, illərlə davam etməsi gərəkən bir vəzifə dayanır – dağıdılmış şəhər və kəndləri bərpa etmək, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma elinə qaytarmaq, viran qalmış ərazilərə həyat vermək, dirçəltmək. Azərbaycan dövləti bunun öhdəsindən gələcək. Mütləq gələcək. Buna inamımız qətidir. Lakin bu işlərin vaxt aparacağı da məlumdur. Keçmiş köçkün vətəndaşlarımız əlbəttə səbirsizlənir, doğma evlərinə, yurd-yuvalarına tez qayıtmaq istəyir. Ancaq mənfur düşmən məkrindən yenə əl çəkmir.

Ermənistan 30 ilə yaxın müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritəsini təhvil verməməklə beynəlxalq cinayətkar olduğunu bir daha sübut edir. Belə vəziyyətdə vətəndaş kimi üzərimizə düşən vəzifə dövlətin tətbiq etdiyi qanunlara, qaydalara riayət etmək, səfər edilməsinə icazə verilən ərazilərə gedişlər təşkil etməkdir. İşğaldan azad edilmiş bölgələrin bərpasının iqtisadi, sosial üstünlükləri barədə istər yerli, istərsə də xarici mütəxəssislərin rəyi demək olar üst-üstə düşür. Qarabağın tam bərpası üçün təxminən 5-10 il zaman lazım gərəkəcəyi bildirilir. Qarşıdakı 5 il ərzində dövlətin qarşıya qoyduğu bütün layihələr, planlar, tikinti və quruculuq işləri sürətlə davam edəcək. Həyat üçün, yaşayış üçün kiçicik bir imkan olan kimi onsuz da vətəndaşlarımız Qarabağı qucaqlayacaq. Bu işlərin aparılması üçün, sadəcə, əhəmiyyətli layihələrə və ən zəruri işlərə qısa zamanda başlamaq lazımdır.               

“Biz qayıtmışıq və bərpa işlərinə başlamışıq” 

Qarabağdakı  bərpa işləri ilə bağlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov fikirlərini belə açıqlayıb: 

- Xatırlayırsınızsa, cənab Prezident İlham Əliyev Laçın rayonunun düşməndən azad edilmiş Güləbird kəndində Azərbaycan bayrağını qaldırarkən dedi ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası 2,2 milyard manat nəzərdə tutulub. Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.    

Dövlət lazım olan addımları atır

Dünyanın nəzəri hazırda Qarabağdadır. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dağıdılmış şəhər və kəndləri necə bərpa edəcəyi şübhəsiz, dünya dövlətlərinin, bizə dost və qeyri-dost ölkələrin də marağındadır. Bu günlərdə qardaş Türkiyədə Qarabağın dirçəlişindən bəhs edən sənədli film yayımlanıb. Filmin müəllifi Qarabağ müharibəsindən tanıdığımız, həmin alovlu günlərdə xalqımızın, dövlətimizin yanında olan, qaynar bölgələrdən hazırladığı reportajları ilə Azərbaycanın səsini dünyaya yayan xanım jurnalist Fulya Öztürkdür. 

CNN Türk-də təqdim olunan film “Qarabağda 44 gündə nələr baş verdi?” adlanır. Filmdə 2-ci Qarabağ müharibəsi barədə gerçəklər nümayiş etdirilir. Gəncəyə, Bərdəyə erməni təcavüzkarlarının atdığı ballistik raketlərin törətdiyi faciələr, ordumuzun şanlı zəfəri, vətəndaşlarımızın dövlətimizin, Prezidentin ətrafında birləşməyi, xalqın bir yumruq kimi birliyindən bəhs edən filmin sonunda müəllif  işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq, bərpa işlərinə də toxunur. Və cənab Prezident İlham Əliyevin çıxışından sitat gətirir. Prezident qətiyyətlə bildirir ki, Azərbaycan qısa zamanda Qarabağı dirçəldəcək. 

Xatırladaq ki, bu günlərdə “ARB24” kanalının “Gündəm” verilişinə açıqlamasında ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Kristofer Çambers də Qarabağın yaxın 5 ildə bərpa olunacağını söyləmişdi və bildirmişdi ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır:

- Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb.

Xalq və dövlət məsuliyyətli işin öhdəsindən gələcək

İndi sınaq zamanıdır. Ölkəmiz çətin sınaqlarla üz-üzədir. Bir tərəfdən bəşəriyyəti ölümlə təhdid edən COVİD-19 virusu, dünya nəhənglərinin virusla mübarizədə  aciz qalması, dünya iqtisadiyyatının tənəzzülü hələ ki, davam edir. Azərbaycanı dünyada cərəyan edən prosesdən kənar təsəvvür etmək mümkün deyil. Eyni çətinlikləri ölkəmiz, dövlətimiz də yaşayır. Virusla mübarizə aparıldığı bir vaxtda Azərbaycan həm də ikinci cəbhədə - Vətən müharibəsində savaşdı və alıb gəldi. Bununla da Azərbaycan dövləti hətta ən ağır zamanda da öz əzəli və əbədi məqsədindən - ərazi bütövlüyünün bərpasından əl çəkmədiyini sübut etdi. Belə bir gücə, iradəyə sahib ölkə - dövlət, təbii ki, xalqın gücünə, vətəndaş birliyinə söykənərək ikinci vacib bir vəzifənin – işğaldan azad edilmiş torpaqların bərpasının, dirçəldilməsinin də öhdəsindən gəlməyə qadirdir. 
İqtisadçılar da belə hesab edir ki, bi proses nə qədər çətin olsa da və bunun üçün müəyyən bir zaman kəsiyi gərəksə də, dövlət bu vəzifənin öhdəsindən gələcək.     

Millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikrincə, Azərbaycanın malik olduğu maliyyə resursları bərpa prosesini qısa zamanda icra etməyə imkan verir: 

- Burada bir neçə məqama xüsusi toxunmaq lazımdır - əvvəla, büdcədə infrastruktur və investisiya xərcləri olur, həmin xərclərin bir hissəsi bərpa işlərinə yönəldiləcək. İkincisi, bərpa prosesi mərhələli şəkildə olacaq. Bundan başqa, özəl sektor da bu işə sərmayə qoyacaq. Nəticə etibarilə büdcə dövlətə həmin xərcləri qarşılamaq imkanı yaradacaq. Eyni zamanda, bura beynəlxalq qurumların da cəlb edilməsi gözlənilir. Digər ölkələrin praktikası göstərir ki, belə hallarda beynəlxalq təşkilatlar da müharibədən sonrakı bərpa prosesində iştiraka maraq göstərirlər. 
Proses mərhələli şəkildə həyata keçiriləcək, ona görə də hansı müddəti əhatə edəcəyini əvvəlcədən söyləmək çətindir. Nəzərə alsaq ki, həmin ərazilər tamamilə dağıdılıb və hazırda qiymətləndirmə gedir, işlər başladıqdan sonra konkret zaman söyləmək mümkün olacaq. Amma yəqin ki, bu proses bir neçə ili əhatə edəcək. 

V. Bayramov bildirib ki, 28 ildən artıq işğal altında olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb. Belə şəraitdə başlanğıc üçün infrastrukturun bərpası çox önəmlidir: 

- Nəzərə alsaq ki, işğalçı ölkə ərazilərimizdə minalar yerləşdirib, hazırda minaların təmizlənməsi proses davam edir. İnfrastrukturun tam formalaşdırılması bundan sonra həyata keçiriləcək. Biz artıq yol infrastrukturunun bərpası ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamların icrasına başlandığını görürük. 

İqtisadçı qeyd edib ki, Qarabağ torpağı məhsuldardır. İşğaldan əvvəlki dövrdə Qarabağın əksər bölgələrində pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdi. Bu torpaqların məhsuldarlığını bərpa etmək mümkündür və ediləcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi də bununla bağlı qiymətləndirmələr aparır. Əlbəttə, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin tikintisi həm yerli əhalinin işlə təminatına təkan verəcək, həm də investorları bölgəyə cəlb edəcək.

Apardığımız sorğulara əsasən o ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın böyük hissəsi bərpa işlərindən sonra öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Onlar üçün yeni iş yerlərinin yaradılması vacibdir. Qeyd edim ki, aqrar sahədə torpağın məhsuldarlığının artırılması, əkin sahələrinin salınması üçün kənd təsərrüfatı üzrə ixtisaslı kadrlara ehtiyac var. 
Biz artıq müşahidə etdik ki, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin planlı şəkildə aparılmasına necə diqqət edir. Prezidentin ilk fərmanlarından biri işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi ilə bağlı oldu.

Bu, işğaldan azad edilmiş bölgələrdə dövlət strukturlarının bərpası deməkdir. Və əlbəttə ki, bərpa işlərində yerli əhali, həmçinin ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız iştirak edəcək. Biz bu meyli artıq müşahidə edirik.