Vaxt daralır ! - Həcc ziyarətinin reallaşmaması ehtimalı böyükdür

“Bu il də Həcc ziyarətinin təşkili mümkün görünmür. Mövcud şərtlər bunu deməyə əsas verir ki, bu il də Həcc ziyarəti baş tutmaya bilər”.

Bunu “Şərq”ə ilahiyyatçı Hacı Atif İsmayılov deyib. İlahiyyatçı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir məlumat verilmədiyini açıqlayıb. Həcc ziyarəti üçün müraciətlərin qəbuluna yalnız Səudiyyə Ərəbistanından müvafiq bildiriş gəldikdən sonra başlanılır. Hələ ki, belə bir bildiriş və ya məlumat daxil olmadığından Həcc ziyarətinin təşkil olunub-olunmayacağı barədə dəqiq söz demək də mümkün deyil. Bu məzmunlu bildiriş yaxın günlərdə daxil olmazsa, bu, ziyarətin bu il də baş tutmayacağı anlamına gələcək.

Çünki zaman daralır. “Dünyada gedən proseslər, eyni zamanda Azərbaycanda da koronavirusa yoluxmada yaranmış mövcud vəziyyət Həcc zəyarətinin yerinə yetirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Dinimizdə Həcc əməli ilə bağlı konkret şərtlər mövcuddur. Həcc əməli üçün maddi imkanla yanaşı təhlükəsizlik şərti də önə çəkilir.

Rəbbimiz o halda bəndələrinin Həcc əməllərini yerinə yetirməsini vacib sayır ki, buna onların gücü yetsin. “Gücü yetsin” deyildikdə isə, təkcə maddi imkanlar deyil, yaş həddi, xəstəliyin olub-olmaması, bu əməllərin yerinə yetirilməsinə zəvvarın səhhətinin imkan verməsi də daxildir. Əgər pandemiyada sönmə müşahidə edilməzsə, yoluxma sayında azalma baş verməzsə, şəraitə uyğun davranılmalıdır.

Hazırda ərəb ölkələrində də virus yayılır. Ona görə də mövcud vəziyyəti nəzərə alaraq, deyə bilərik ki, bu il də Həcc ziyarətinin baş tutmaması ehtimalı böyükdür”. İlahiyyatçı qeyd etdi ki, əgər Həcc ziyarətinə icazə verilərsə, zəvvarlardan mütləq qaydada peyvənd olunmaq tələb ediləcək. Zəvvarlar peyvənd vurduqlarına dair sənədi təqdim etməli olacaqlar. Bu da yetərli deyil. Hər bir zəvvar gigiyena qaydalarına ciddi riayət etməli, karantin şərtlərinə əməl etməli olacaq. 


Qeyd edək ki, bu il Həcc ziyarəti sentyabr ayına təsadüf edəcək.