Elçibəyə zəng gəlir, müsahibə dayandırılır: Bəyi arayan kim idi? - Pənah Hüseyn deyir ki...

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ilin sentyabrına “Həyat” dərgisinə müsahibəsi zamanı maraqlı bir hadisə baş verib. Söhbət əsnasında Elçibəyə zəng gəlir və müsahibəyə fasilə verilir. Bu zaman jurnalistin o zamanki dövlət katibi Pənah Hüseynovla söhbəti başlayır.
“Sherg.az” həmin hissəni təqdim edir:

“Prezident hələlik danışarkən Barselonadan qızıl olimpiya medalları ilə qayıdan iki bakılını cüdoçu  Nazim Hüseynovu və gimnast Valeri Belenkini yarım saat öncə qəbul etmişdi. İndi isə söhbətimizə qoşulmuş respublikanın dövlət katibi  Pənah Hüseyn məni məsələdən agah edib deyir: “Cəbhədən xəbər verirlər. Bu gün daha bir Azərbaycan kəndi azad edilib”.

Pənah Hüseynov Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və rəhbərlərindən biri olub. Buna görə də Elçibəylə onları çox amil birləşdirir.

-Desəm inanmasınız, 1986-cı ildə Əbülfəz bəylə görüşənədək ən qatı materalist-marksistlərdən biri idim. 1975-ci ildə universitetin tarix fakültəsinə daxil olmazdan əvvəl, bilirsinizmi, nə etmişdim? Hökumətə məktub yazıb xahiş etdim ki, kommunizim uğrunda vuruşmaq üçün məni Vyetnama göndərsin... Sonralar, yəni tələbə olduqda isə uşaqlardan Əbülfəz bəy barəsində, onun təqib edilib gözümçıxdıya salınması haqqında çox eşidirdim. Amma Bəyin azad Azərbaycan ideyasına rəğbətlə yanaşırdım.  Yalnız  onunla görüşdükdən sonra başa düşdüm ki, necə də dərindən yanılırammış. Yeri gəlmişkən deyim ki, Elçibəylə görüşdən sonra çoxları həyata baxışlarını dəyişirdi.

-Eh, cavanlıqda kim yanılmır ki,-deyə prezident telefonla söhbətini bitirib gülür və ilk dəfə gördüm ki, gülümsəmək  ona necə də yaraşır.  Bizim söhbətimiz də sona yetir. Yarım saat vaxt ayrılmasına baxmayaraq  bütöv bir saat danışdıq və hələ çox da danışardıq, amma... Prezidentin ciddi iş cədvəli var, bu gün isə çox görüş təyin edilib”.

“Həyat” № 186 (440)

22 sentyabr 1992-ci il

Mənbə: “Elçibəy belə deyirdi” kitabı.