Şəhid ailəsindən pul toplayanlar saxlanılıb


"Rəqəmsal platformanın inkişafı ilə əlaqədar olaraq çoxsaylı problemlər ortalığa çıxıb"

"Bunun qarşısını almaq üçün təbii olaraq internet media müstəvisinin, ümumiyyətlə, rəqəmsal platformalar tənzimlənməlidir"


Ötən gün Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxslər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Tovuz rayonunun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı  Zaur Əhmədov “qaynar-xett.az” saytını yaradaraq Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıblar. Valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilikdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.

Çox təəssüf ki, zaman-zaman mediada bu cür əməllərə rast gəlinir. Bu kimi hallar da təbii ki, peşəkar medianın adına xələl gətirir. 

Məsələ ilə bağlı danışan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Şərq"ə bu cür neqativ hallarla bağlı mübarizə üsullarından  bəhs edib. O qeyd edib ki, rəqəmsal medianın və internetin inkişafı təbii olaraq özü ilə müsbət məsələlərlə yanaşı bir sıra neqativləri də gətirib:

" Bu günləri xüsusi olaraq rəqəmsal müstəvidə cinayətkarlığın qarşısının alınması ilə bağlı mübarizə üsulları çox vacibdir. Son vaxtlar insanların şəxsi həyatı ilə bağlı informasiyaların paylaşılmasına da rast gəlinir. Hansı ki, bu da qanunvericiliklə yolverilməzdir. Bundan başqa insanlara qarşı kiberhücumlar, banklardakı hesabların başqa hesablara köçürülməsi və s. kimi neqativ hallarla da tez-tez qarşılaşırıq. Yəni son illər rəqəmsal platformanın inkişafı ilə əlaqədar olaraq çoxsaylı problemlər ortalığa çıxıb. Bunlardan biri də təbii ki, bizim media sferasıdır. Bu gün interneti çıxışı olan hər bir kəs telefon və kompüter vasitəsilə şəxsi sayt yaradır və adını da kütləvi informasiya vasitəsi qoyur. Həmçinin, sərbəst fəaliyyət göstərə bilir ki, nəticədə bu cür xoşagəlməz hadisələr baş verir. Təbii ki, bunun əziyyətini də ümumilikdə ölkə əhalisi çəkir. Həmçinin bu tipli əməllər peşəkar jurnalistikanın prinsiplərinə ziddir. Bunun qarşısını almaq üçün təbii olaraq internet media müstəvisinin, ümumiyyətlə, rəqəmsal platformalar tənzimlənməlidir. Bu sahədə bizim qanunvericilik bazası formalaşmalıdır. Əvvəllər Azərbaycanda internet informasiya resurslarının tənzimlənməsi üçün ayrı-ayrı qanunlara dəyişikliklər və əlavələr edilirdi. Amma zaman göstərdi ki, bu, kifayət deyil". 

M.Ələsgərli vurğulayıb ki,  internetin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazasının olması zəruridir:

"İndi Azərbaycanda bu cür qanunvericilik hazırlanır. Ancaq orda "İnternet mediası nədir?", "Hansı fəaliyyətləri göstərməlidir?" və s. bununla bağlı müəyyən standartlar nəzərdə tutulub. Hesab edirik ki, bundan sonra onlayn media sferasında da səliqə-səhman yaratmaq mümkün olacaq. Amma sual yaranır. Proses  bununla yekunlaşacaqmı? Təbii ki, yox. Çünki rəqəmsal texnologiyaların inkişafı rəqəmsal texnologiyalar platformasında qanunsuzluğun və cinayət hallarının artmasına səbəb olub. İnternet və rəqəmsal media müstəvisi ilə yanaşı, rəqəmsal texnologiyalar platformasının və digər sahələrin də tənzimlənməsi üçün bizim qanunvericilikdə dəyişikliklər edilsə çox yaxşı olardı. Həmçinin bu sahənin çevik və operativ tənzimlənməsi üçün addımlar atılmalıdır. Amma unutmayaq ki, rəqəmsal platforma təkcə media quruluşlarından ibarət deyil. Yəni burda başqa resurslar, başqa xidmətlər də var ki, o sahələrdə də qanunsuzluqların qarşısının alınması üçün çox ciddi şəkildə addımlar atılmalıdır. Xüsusi olaraq sosial şəbəkələr tənzimlənməlidir. Burada qanunsuz halların və cinayət hallarının qarşısının alınması üçün çox ciddi şəkildə addımlar atılmalıdır. Hesab edirəm ki, onlar da bizim media sahəsindən nümunə götürərək bu sahədə yeniliklər həyata keçirəcəklər".