Toy adətləri dəyişir: Qonaqlara konfet əvəzinə odekolon verilir

Koronavirus özü ilə birlikdə ənənələrə də yeniliklər gətirdi.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin bəzi bölgələrində evlənəcək cütlüklərin mərasimlərində  qonaqlara toy konfetinin yerinə  odekolon verilməyə başlayıb. Belə ki, toya gələn qonaqlara konfet əvəzinə kiçik butulkalarda odekolon verirlər.

Antaliyada təşkilati işlərlə məşğul olan Özlem Başalak həftədə 100-150 ədəd nişan və ya toy mərasimləri üçün odekolon şüşələri hazırladıqlarını deyib. Özlem Başalak bildirib ki, sifarişlərin sayı günbəgün artmaqdadır:

"Artıq toy şirniyyatları kimi onlarda ən çox sifariş olunanlar arasındadır. Hesab edirəm ki, onlar bu dövrdə həm gigiyenik, həm də gələn qonaqların rahatlığı baxımından çox önəmlidir. Həftədə demək olar ki, 150 ədəd nişan və ya toy məclisləri üçün odekolon şüşələri hazırlayırıq. Qiymətlər şüşələrin ölçüsünə və formasına görə dəyişir. Deyərdim ki, əslində normal hədiyyələrlə eyni qiymətdir. Qiymətlər 2,5 lirədən başlayaraq 8 lirəyə çatır. Hesab edirəm ki, bu hər kəs üçün çoxmənalı bir hədiyyədir".