Əhalinin banklara qoyduğu əmanətlər artıb


İqtisadçı bu müsbət tendensiyanı iki amillə əlaqələndirib

"Bir çox insanlar karantin səbəbilə pulunu daha çox evdə saxlayırdı. Düşünürdülər ki, hər yer bağlıdı və banklar da bağlana bilər. O zaman pulumu gedib ala bilmərəm. Belə faktorlara görə əhalidə banklara inam azalmışdı"


Azərbaycan  Mərkəzi Bankının məlumatına görə,  əhalinin banklara qoyduğu əmanətlər artıb. Bu il martın 1-nə  əhalinin banklara əmanət qoyuluşu 8.379 milyard manat təşkil edib ki, bu da fevralın 1-i ilə müqayisədə 2,2 faiz çoxdur.

İqtisadçı Əkrəm Həsənov bu barədə "Şərq"ə danışarkən qeyd edib ki, artım iki amillə bağlıdır:

"Son bir ayda əmanətlərin qoyuluşunda artım olsa da, ötən illə müqayisədə azalma müşahidə olunur. Bu tendensiyanın nə qədər müddət davam edəcəyini demək çətindir. Artımın baş verməsində 2 əsas amil var. Birinci amil budur ki, dövlət əmanətlərin sığortalanması məsələsinə aydınlıq gətirdi.  Keçən ilin sonunda bu barədə qanun qəbul olundu.

Həmin qanunda əmanətlərin tam sığortalanması ləğv olunsa da, 100 000 məbləğinə qədər olan əmanətlərin sığortası var. Bu səbəbdən əhali arasında əminlik hissi yarandı.

İkinci amil isə Azərbaycanda yanvar ayından sonra sərt karantin rejimi  ləğv olundu. Bu da insanlarda iqtisadi aktivliyin artmasına təkan verdi. Bir çox insanlar karantin səbəbilə pulunu daha çox evdə saxlayırdı. Düşünürdülər ki, hər yer bağlıdı və banklar da bağlana bilər. O zaman pulumu gedib ala bilmərəm. Belə faktorlara görə əhalidə banklara inam azalmışdı. 

Bir ayda müşahidə olunan artım isə elə də böyük rəqəm deyil. Ona görə də bunun nə qədər davam edəcəyini indidən proqnozlaşdırmaq olmur. Ümidvaram ki, həmin artım uzunmüddətli və artan xətlə davam edər".