Minalar təsadüfən torpaqlarımıza səpələnməyib

"Yerevan məsuliyyəti öz üzərindən atmağa çalışır"

"Əfsuslar ki, Rusiya başda olmaqla digər vasitəçi dövlətlər, beynəlxalq təşkilatlar minalı ərazilərin xəritəsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərmirlər"


ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz Qarabağda minalanmış ərazilərin yaratdığı təhlükədən bəhs edib. O, minaların partlaması nəticəsində həlak olan günahsız insanlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin paylaşdığı hesabatlara nəzər saldıqdan sonra vəziyyətin nə qədər acınacaqlı olduğunu öyrəndiyini bildirib. Tədqiqatçı vurğulayıb ki, ermənilər həmişəki kimi məsuliyyəti öz üzərindən ataraq minaların basdırılmasının və xəritələrin Qarabağ ermənilərinin “öhdəliyində” olduğunu iddia edirlər.

Müharibə zamanı Ermənistan ordusunda müşahidə olunan xaosu nəzərə alan Qoltz hesab edir ki, minaların basdırıldığı xəritələrin hamısının mövcud olması real görünməyə bilər. Amma akademik, ümumiyyətlə, xəritənin olmaması iddiası ilə razılaşmadığını bildirib. Amerikalı jurnalist bütün hallarda baş verənlərə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsinin zəruriliyini qeyd edib. 

Hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Şərq”ə bildirib ki, Ermənistan heç vaxt beynəlxalq hüquqa əməl etməyib. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Ermənistan və hüquq ifadələri eyni cümlədə işlənməməlidir:

“Ermənistan bütün addımları və davranışları ilə beynəlxalq hüququn prinsiplərinə uyğun davranmadığını dəfələrlə isbatlayıb. Düşmən tərəfdən hansısa humanist addım gözləmək sadəlövhlük olardı. Azərbaycan dövləti üzərinə düşən bütün öhdəliklərə vaxtında əməl edir, işğaldan azad edilmiş ərazilərimizi minalardan təmizləyir. Bununla yanaşı zəruri infrastrukturlar da qurulur. Füzulidə hava limanı inşa edilir, Şuşaya, Kəlbəcərə yol çəkilir, Zəngilana dəmir xəttini bərpa edir. Yəni heç nəyə məhəl qoymadan sürətlə öz işimizi görürük və bundan sonra da görəcəyik. Ermənistan isə israrla prosesi ləngitməyə çalışır, öhdəliklərindən qaçır. Xəritə məsələsində Yerevan hökuməti yalan danışır. Minalanmış əraziləri əks etdirən xəritələrin Ermənistan ordusunda olmaması mümkünsüzdür. Əgər müharibədən öncə və sonra ermənilərdən minaya düşən yoxdursa, deməli, düşmən tərəf hansı ərazilərin təhlükəli olduğunu dəqiq bilir”. 

E.Həsənli vurğulayıb ki, istənilən sahədə qeyri-peşəkarlıq mümkündür. Amma müəyyən bölgənin minalanması yüksək peşəkarlıq tələb edir:

“Hər adam torpağa mina basdırmır ki?! Bu işi orduda mütəxəssislər həyata keçirir və bütün nöqtələr kağız üzərində dəqiq əks olunur. Minalar təsadüfən torpaqlarımıza səpələnməyib. Yerevan məsuliyyəti öz üzərindən atmağa çalışır. Qarabağdakı separatçılar kimdir ki? Müharibəni Ermənistan ordusu aparıb və bütün məsuliyyət onların üzərindədir. Əfsuslar ki, Rusiya başda olmaqla digər vasitəçi dövlətlər, beynəlxalq təşkilatlar minalı ərazilərin xəritəsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərmirlər. Hər halda Azərbaycan tərəfi də boş dayanmır. Öz agentliyimiz fasiləsiz çalışır, ərazilərimizi təmizləyirlər. Hesab edirəm, prosesin öhdəsindən layiqincə gələcəyik”.