Azərbaycan işıq gələn tərəfə gedir

Avropaya inteqrasiyanı dayandırmaq imkansızdır

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir. Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero deyib ki, hazırda Aİ sazişin ticari hissəsi ilə bağlı Azərbaycanın mövqeyini gözləyir və danışıqları davam etdirməyə ümid edir. Pisonero əlavə edib ki, yeni saziş Aİ ilə Azərbaycan arasında gələcək əməkdaşlığın və daha sıx əlaqələrin əsasını qoyacaq: “Saziş iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycanın səylərini dəstəkləyəcək.

Bu, işgüzar mühiti daha da dəstəkləyəcək və vətəndaşların rifahı naminə ölkənin dayanıqlı inkişafına xidmət edəcək”. Onun sözlərinə görə, Azərbaycan Şərq tərəfdaşlığı kontekstində vacib rol oynayır: “Avropa İttifaqı Azərbaycanla, demokratiya, insan haqları və əsas azadlıqlara əsaslanan, ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən yeni hərtərəfli saziş imzalamaq istəyir”. Məlum olduğu kimi sazişlə bağlı xeyli vaxtdır müzakirələr davam edir. Son açıqlamalar bəzi mübahisəli məqamların arxada qaldığını göstərir. Amma tərəfləri tamamilə razı salacaq bir anlaşmanın qeyri-mümkün olduğunu düşünənlər az deyil. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, yeni saziş məhsullarımızın Avropa İttifaqı bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyinin və proseduralarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Siyasi şərhçi bəyan edib ki, yeni saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur:

“Həmçinin, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyir. Azərbaycanla bu tip sazişi hazırlamaq Aİ üçün də asan deyil. Çünki Avropa İttifaqı ilk dəfə olaraq Dünya Ticarət Təşkilatına (DTT) daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir. Bunun üçün Azərbaycan DTT-yə daxil olanadək qurumdakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır. Bundan başqa, regional stabillik, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər”.

Analitik vurğulayıb ki, Azərbaycanla Avropa arasında rəsmi əlaqələr kifayət qədər inkişaf etməsə də, bir çox gəncimiz Avropada təhsil alır:

“Müalicə üçün Avropaya gedənlərimiz var. Müəyyən şəxslər öz sərvətini Aİ banklarında saxlayırlar. Bu baxımdan Avropa ilə əməkdaşlıq onlar üçün sərfəlidir. Onu da vurğulayım ki,   Avropa ilə əməkdaşlıq öhdəlikləri əməl etməkdən keçir. Azərbaycan özünü Avropa ailəsinin bir hissəsi hesab edirsə, demokratik prinsiplərə əməl etməlidir, əks halda bu münasibətlər normallaşa bilməyəcək. Ümumilikdə isə Azərbaycanın gələcəyini avro-atlantik məkana inteqrasiya və Qərblə daha sıx əməkdaşlıqda görənlərin sayı çoxdur. Avropaya inteqrasiyanı dayandırmaq imkansızdır. Azərbaycan coğrafi şəraiti və qonşularını nəzərə alaraq, Avropa ilə daha sıx əməkdaşlıq etməlidir”.