"Qarabağ klanı" parçalanıb

Koçaryan və Sarkisyan arasında ziddiyyətlər kəskinləşir

"Keçirilən rəy sorğularından da görünür ki, Paşinyanın “Mənim addımım” Partiyasına səs verəcək insanların sayı getdikcə artır. Bunlar onu göstərir ki, Paşinyan hələ təbliğat kampaniyası rəsmən başlamamış əhalinin ciddi bir hissəsini inandırmağı bacarıb"


Müharibədən sonra çıxılmaz vəziyyətə düşən Ermənistan hökuməti 4 aydan sonra böhrandan çıxmağın yeganə yolu kimi yenidən seçki keçirməyə qərar verdi. Beləliklə, iyunun 20-nə növbədənkənar seçkilər təyin olundu. Ölkə müxalifətinin bir qismi seçkiyə qatılmağa razılıq versə də, radikal qanad marafona qatılmayacağını israrla bəyan edir. Nəticədə Ermənistanda xaotik vəziyyət hələ də davam etməkdədir. Əvvəlcə bütün müxalifət Nikol Paşinyanın istefasını istəsə də, indi müxalifətin özü ortaq qərara gələ bilmir.

“Vətənin Xilası” Hərəkatının vahid namizədi Vazgen Manukyan bildirir ki, Nikol Paşinyan hökumətin başında qalarsa, parlament seçkilərinə qatılmayacaq. Onun sözlərinə görə, mövcud hakimiyyətin obyektiv seçki keçirəcəyinə dair şübhələri var. Sirr deyil ki, Manukyanın seçkidən imtina səbəbi saxtakarlıq yox, seçkidə uduzmaq qorxusudur.

Çünki “Qarabağ klanı”nın və onların ətraflarının reytinqləri çox aşağıdır. Mövcud iqtidara qarşı real müxalifət yoxdur. Bir tərəfdə müharibədə məğlub olmuş baş nazir varsa, digər yanda məğlub Paşinyanla rəqabət edə biləcək səviyyədə müxalifətçi yoxdur. Ölkədə keçirilən rəy sorğularını nəzərə alsaq, hazırkı baş nazirin öz kreslosunu qorumaq üçün şansının böyük olduğunu görə bilərik.

Ermənistanda yaşanan gərginliyi şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Nikol Paşinyan və onun komandası özünə güvənir. Siyasi şərhçinin sözlərinə görə, Paşinyan tərəddüd etmədən baş nazir vəzifəsindən istefaya gedir və seçkiqabağı təbliğata başlayır:

“Ermənistanda insanlar qarşıdurmalardan, müharibədən, blokadadan cana yığılıb. Son bir ayda Paşinyanın reytinqi sürətlə artmağa başlayıb.

Keçirilən rəy sorğularından da görünür ki, Paşinyanın “Mənim addımım” Partiyasına səs verəcək insanların sayı getdikcə artır. Bunlar onu göstərir ki, Paşinyan hələ təbliğat kampaniyası rəsmən başlamamış əhalinin ciddi bir hissəsini inandırmağı bacarıb.

Üstəlik, son zamanlar baş nazirin Rusiya ilə əlaqələri yüksəlib. Vladimir Putinlə telefon danışıqları və Moskvaya gözlənilən səfəri Ermənistan əhalisi arasında ona olan inamı artıracaq. Son dövrlərdə Robert Koçaryanla Serj Sarkisyan arasında ziddiyyətin meydana gəlməsinin şahidi oluruq. 

Sarkisyan bəyan etdi ki, seçkilərə getmək niyyətində deyil. Amma Koçaryan seçkiyə getməkdə israrlıdır. Beləliklə, “Qarabağ klanı”nın liderlərinin öz aralarında fikir ayrılığı müşahidə olunur. Sarkisyan siyasi konyukturu başa düşür və anlayır ki, burada “Qarabağ klanı” üçün hər hansı perspektiv yoxdur.

Keçmiş prezident Levon Ter-Petrosyanın atdığı addımların da ciddi nəticə verəcəyi gözlənilmir. O, yeni həmlə etdi və sabiq prezidentlərlə Qarabağ separatçılarının rəhbərlərini bir araya gətirdi.

Məqsəd Paşinyana qarşı blok formalaşdırmaq idi. Ancaq Paşinyanın “Mənim addımım” bloku üstünlüyü əldə saxlayır. Seçkinin favoritinin məhz bu blok olacağını söyləmək mümkündür. Seçkidə Paşinyanın qalib gəlməsi birinci növbədə ermənilər, həmçinin region üçün əhəmiyyətlidir. Rəqiblərindən fərqli olaraq Paşinyan 10 noyabr bəyanatının tələblərinin həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir.

Lakin bəllidir ki, seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət gərginləşəcək. Koçaryan və Sarkisyan təxribatlara meyillidirlər və gərginliyi artırmaq üçün əllərindən gələni edəcəklər”.