Lirə hər gün dəyər itirir

Azərbaycanda türk malları ucuzlaşa bilər


Mərkəzi Bankın sədri Elman Rüstəmov Türkiyə lirəsinin ucuzlaşmasının manata təsirindən danışıb. Bank rəhbəri deyib ki, partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir. E.Rüstəmov bildirib ki, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur: “Neftin dünya qiymətinin artmağa meyl göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir.

Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir”. MB sədri qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var. 

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, lirə dəyər itirməkdə davam edərsə və Türkiyədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, o zaman Azərbaycanda da türk malları ucuzlaşa bilər. Deputat bildirib ki, Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Onun sözlərinə görə, Türkiyədə hazırda 1 dollar almaq üçün 8.26 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirə yalnız son bir ayda 13 faiz ucuzlaşıb:

“Qardaş ölkədə inflyasiya səviyyəsi 15.6 faiz yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir. Bütün bunlara rəğmən, son illər lirənin ucuzlaşması fonunda Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyə ixracatı 169.5 milyard dollar olub. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabət qabiliyyətli edib”. 

İqtisadçı millət vəkilinin fikrincə, lirənin ucuzlaşması Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etməsə də, güman olunur ki, bu, qonşu ölkədən idxalı artıra bilər:

“4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi.

Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırır. Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir”.