Şuşanın rəmzi məktəbləri də bəzəməyə başladı

Uşaqlar onu sevdi, aşiq oldu, əlləri ilə bəslədi


Bakı şəhəri 120 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfi Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilmiş xarıbülbül  yetişdirir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilib. Qeyd edilir ki, peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi, əsasən orta dağ qurşağında kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib.

Çünki xarıbülbül kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək çətin olur. Paytaxtın küləkli və isti iqliminə baxmayaraq peşə təmayüllü sinfin şagirdləri bu bitkinin mövcud vəziyyətə uyğunlaşmasına nail olublar.  Qeyd edək ki, bu, məktəbin peşə təmayüllü sinfinin ilk uğuru deyil. Bundan öncə də Hicran Kərimova şagirdlərlə birgə çarpaz üsulu ilə yeni növ qızılgüllər hazırlayıb. Həmçinin alınan ən güclü xarakterik qızılgül sortuna Zirə qəsəbəsindən Vətən müharibəsində həlak olmuş 3 şəhidin adını verməyi planlaşdırırlar. Onu da qeyd edək ki, 5 paytaxt məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Maraqlı tədris üsulu olan həmin siniflərdə şagirdlər müxtəlif peşə istiqamətləri üzrə hazırlanırlar. Təsadüfi deyil ki, peşə təmayüllü siniflərə ilbəil şagirdlərin maraq və meyli artmaqdadır. 
Bunu da biz (“Şərq”) əlavə edək ki, 120 saylı orta məktəb xalqımızın milli dirçəliş rəmzi 20 Yanvarda  şəhid olmuş Nüsrət Yaqubovun adını daşıyır. Belə görünür ki, vətənpərvərlik bu məktəbin özülündədir. 

…Xarıbülbül zatən Qarabağın rəmzi idi. Rəhmətlik Səxavət Məmmədov oxuyardı:

“Vətən bağı al-əlvandır, yox içində xarıbulbul. Ömür sürməli dövrandır, səsin gəlsin, barı, bülbül!”.  Gözəl Qarabağımız erməni təcavüzünə məruz qaldıqda Xarıbülbül həm də niskil, kədər, həsrət, ayrılıq rəmzinə, göz yaşına çevrildi. Xarıbülbül bir də 28 il sonra Qarabağımızın, Şuşamızın azadlığa qovuşması ilə həyata qayıtdı. O da azadlığına qovuşdu. Və 44 günlük Vətən müharibəsinin qələbə rəmzinə çevrildi. Xarıbülbülə sevgi daha da artdı, tanımayanlar da tanıdı və sözün əsl mənasında populyarlaşdı. “Şərq” qəzeti bir müddət öncə gül ticarətçilərinin dibçəklərdə, ləklərdə xarıbülbül yetişdirərək kütləvi satışını təşkil etmələrinə dair material da dərc etmişdi. 120 saylı orta məktəbdə xarıbülbül yetişdirilməsi artıq tamam fərqli məzmun daşıyır.

Milli, tərbiyəvi, estetik, vətənpərvərlik məzmunu. Bunu “Şərq”ə açıqlamasında Şuşada doğulub, boya-başa çatmış, belə deyək - xalis şuşalı, peşəkar jurnalist və publisist Kərim Kərimli də qeyd etdi:    

- Məncə, məktəbin həyətində, bağında uşaqların fiziki əməklə məşğul olması, zəhmət tələb edən işlər görməsi özlüyündə ayrıca bir müsbət hadisədir. Biz orta məktəbdə oxuyanda da vardı belə şeylər. Bu, insanın lap gənc vaxtlarında zəhmətə alışması, müəyyən vərdiş və bacarıqlarının inkişaf etməsi deməkdir və gələcəkdə bu şəxslərin daha çox halal yaşamağa meyl edəcəyinə, əliəyri, oğru, rüşvətxor olmayacağına bir növ zəmin yaratmaq deməkdir.  Bununla yanaşı, uşaqların zövqünün formalaşmasına, ruhunun cilalanmasına kömək edir. Həm də şagirdlər arasında bir yarış əhvalı yaradır, yaxşı mənada rəqabət mühiti formalaşdırır. Bütün bunlar çox gözəldir və təqdirə, alqışalayiqdir.             
                         
Konkret xarıbülbül məsələsinə gəlincə deyim ki, bu amil də ayrıca bir gözəllik əlavə edir yuxarıda dediklərimə. Və tərbiyəvi əhəmiyyət daşıyır. Xarıbülbülü əvvəllər də biz Şuşanın rəmzi hesab edirdik.

Ona xüsusi məhəbbət bəsləyir, şeirlər, yazılar yazır, vəsf edirdik. Başqa yerlərdən qonağımız gələndə mövsümü uyğun gələrdisə mütləq Cıdır düzünə aparar, birlikdə xarıbülbül dərərdik. Xarıbülbül 44 günlük Vətən müharibəsinə qədər də vəfa, etibar, sədaqət, doğulduğu (bitdiyi) torpağa məhəbbət rəmzi idi.

Qələbəmizdən sonra isə xarıbülbül həm də azadlıq rəmzinə çevrildi. Şuşanın, Qarabağın, doğma yurdlarımızın azadlıq rəmzinə!!! İndi xarıbülbülü, demək olar ki, tanımayan və sevməyən qalmayıb. Ona görə də Zirə qəsəbəsindəki 120 saylı orta məktəbin sinif müəllimi və şagirdlərinə xarıbülbülün həm aşiqi, həm dostu, həm də həmyerlisi kimi ürəkdən gələn təşəkkürümü bildirirəm.

Əminliklə deyə bilərəm ki, bu fəaliyyətin uşaqlarımızın, şagirdlərin hərtərəfli inkişafına və o cümlədən Vətəndaş kimi yetişməyinə, əlbəttə ki, xüsusi müsbət təsiri olacaq.