Manata heç bir təzyiq olmayacaq

Türkiyədə lirənin ucuzlaşması əksinə, Azərbaycanın daxili istehlak bazarının xeyrinədir

Türkiyə lirəsinin ABŞ dollarına münasibətdə ucuzlaşması Azərbaycan manatı ətrafında ajiotaj yaradıb. Qardaş ölkədəki hər hadisənin hansısa şəkildə bizdə də təsirini göstərməsi diqqətə alınaraq manatın da ucuzlaşacağı, növbəti devalvasiya dalğasının başlanacağına dair ehtimallar irəli sürülür. Bu isə təbii ki, əhalinin narahatlığına səbəb olur. İqtisadçı  Pərviz Heydərov mövcud durumla bağlı iqtisadi analizini sosial mediada təqdim edib. İqtisadçı qeyd edir ki, Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan manatına heç bir şəkildə təsir göstərə bilməz: 

- Bəli, Türkiyə bizim ən öndə gedən ticarət tərəfdaşımızdır. Ancaq xatırladım ki, Rusiya da belədir. Sual edirəm, Rusiyada rublun ucuzlaşması Azərbaycanda manata təsir edibmi ?!

Xeyr. Turkiyə lirəsi də o cümlədən... Azərbaycan manatının gücü neftə bağlıdır. Və ölkəmizdə valyuta bazarında vəziyyəti neftimizin dünya bazarlarında satış qiyməti müəyyən edir.

Əslinə qalsa, manatın arxasında nə Rusiya rublunda olduğu kimi, nə Türkiyə lirəsində olduğu kimi qeyri-neft və qaz məhsulları dayanmır. Reallıqda rus rublu da, türk lirəsi də manatdan güclü pul vahidləridir. Hər şeyi qoyuram kənara, adlarını çəkdiyim pul vahidlərinin ABŞ dollarına münasibətdə məzənnəsi bizdəki kimi inzibati (Mərkəzi Bankın diktəsiylə) deyil, sərbəst şəkildə, azad üzən məzənnə mexanizmi əsasında tənzimlənir və müəyyən olunur.

Ona görə də məsələn, Türkiyədə Mərkəzi Bankın rəhbərliyi bir neçə dəfə dəyişdirilsə də, lirənin ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb və olmayacaq da. Çünki sözügedən ölkədə sərbəst bazar iqtisadiyyatı hökm sürür. Yəni rəqabət var, tələb və təklif nisbəti işləyir, iqtisadiyyatları kifayət qədər şaxələndirilmiş vəziyyətdədir və sair.

Sözüm bunda deyil. Türkiyədə lirənin ucuzlaşması əksinə, bizim, yəni Azərbaycanın daxili istehlak bazarının xeyrinədir. Belə ki, sözügedən ölkədən idxal stimullaşır. Daha çox çeşiddə, həcmdə və ucuz qiymətdə mal alıb gətirmək mümkün olur. Ancaq burada da bir nüans var. O da bundan ibarətdir ki, bizdə idxalda da rəqabət olmadığından bu, alıcılarımızın deyil, sahibkarların xeyrinə işləməli olur. Belə ki, heç nə dəyişmir, lirənin dəyərsizləşməsinə görə əvvəlkindən fərqli olaraq sadəcə, sahibkarlar artıq gəlir götürür.

Vəssalam. Manatın məzənnəsinə gəldikdə isə neftin hazırkı qiymətlərinə görə əslində o, ABŞ dollarına nisbətdə bahalaşmağa meyillidir. Sadəcə olaraq, hökumət qoymur.