“BakuBus” da “Wi-Fi” xidməti olacaq? – Açıqlama

Prezident İlham Əliyev "BakuBus”la bağlı yeni Sərəncam imzalayıb. Sərəncama əsasən “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək. Qeyd edək ki, “Baku Bus”un fəaliyyəti ilə bağlı müəyyən neqativ məqamlar var. Bununla bağlı zaman-zaman cəmiyyətdə də müvafiq fikirlər səsləndirilib.

Müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, mövcud problemlər aradan qalxmır. Bu baxımdan həmin qurumların fəaliyyətinə nəzarət artıq İnvestisiya Holdinqin nəzarətinə verilib. Bəs, effektiv nəticələr əldə oluna bilərmi?




Sualımızı cavablandıran nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a bildirib ki, yeni Sərəncam Bakı şəhərinin gələcəkdə daxili nəqliyyat sistemində əhəmiyyətli töhfəsini verə bilər.Ekspertin fikrincə, bunun üçün aidiyyəti qurumlar üzərinə düşən işləri layiqincə görməlidirlər:

“Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb. Holdinq yaranmasında əsas məqsədi iqtisadi və sturuktur islahatları ilə bağlı sürətli proseslərin idarə olunmasına dəstəkdir.

Xüsusilə iqtisadi islahatların ölkə üzrə gücləndirilməsini təmin etmək nəzərdə tutulur. Bu məqsədlə İnvestisiya Holdinqinə xeyli sayda şirkət daxil edilib. Nəqliyyat sektorunu əhatə edən 2 qurum-Azərbaycan Dəmir Yolları və Bakı Metopoliteni Holdinqin idarəetməsinə verilib”.

İ.Hüseynli qeyd edib ki, yeni Sərəncam istənilən halda xidmətin yaxşılaşdırılması və keyfiyyətcə yeni mərhələyə daxil olması baxımından əhəmiyyətlidir:
“ Baku Bus” yeni yarananda vətəndaşlarda belə fikirlər var idi ki, guya “Wi-Fi” sistemi olacaq və sərnişinlər üçün hər cür təminatlar qurulacaq. Eyni zamanda oturacaq sayından artıq sərnişinlərin götürülməməsi, həmçinin marşrut xətlərinə kifayət qədər avtobusların buraxılacağı deyilirdi.

“BakuBus” isə ayrıca şirkət olaraq bu təminatları yaratmaq üçün yetərli maliyyəyə malik deyil.

Bu mənada şirkətin İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi onun maliyyə imkanlarının artırılmasına səbəb olacaq. Eyni zamanda “Baku Bus” üçün əlavə xərclərə nail olmaqla xidmət keyfiyyətinin yaxşılaşdırılması hədəf kimi qarşıya qoyula bilər.

Amma hər şey insan faktoruna, bəzi şəxslərin vəzifələrini nə dərəcədə ləyaqətli yerinə yetirilməsinə bağlıdır”.