“Bağ evlərinin qiyməti bahalaşacaq”

Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür. Bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert  Nüsrət İbrahimov bildirib.N.İbrahimov vurğulayıb ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. O, qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

Qiymət artımının səbəblərini “Sherg.az”a açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hələ ki, dünyada pandemiya ilə bağlı qeyri-müəyyənlik davam etdiyindən indidən xaricə səfərlərin müəyyən problemlər meydana gətirəcəyini demək olar:

“Çox güman ki, yay mövsümündə istirahət etmək istəyən Azərbaycan vətəndaşlarının bir qismi dəniz kənarında yerləşən bağ evlərinə üstünlük verəcəklər. Beləliklə bağ evlərinə daha çox tələb yaranacaq. Təbii ki, tələb çox olduğu üçün qiymət artımı da müşahidə edilə bilər. Sərhədlərin tamamilə açılmaması, səyahətlərin bərpasının baş tutması əlbəttə, keçən ilki kimi bu il də bağ evlərinin qiymətini bahalaşdıracaq”.