Qabil Abbasoğlu "Lent.az"dan getdi - Yerinə kim gəlir?

Tanınmış jurnalist Qabil Abbasoğlu uzun illər baş redaktoru olduğu “Lent.az” saytından ayrılıb. Sayta yeni baş redaktor da təyin edilib. Bundan sonra “Lent.az”a Hafiz Heydərov rəhbərlik edəcək. H.Heydərov bu təyinata qədər APA-nın redaktoru vəzifəsində çalışırdı. 
“Sherg.az” xəbər verir ki, jurnalist Qabil Abbasoğlu Feysbukda saytdan ayrılmağına aydınlıq gətirib: 

“Həmişə demişəm, yaxşı qurulmuş iş təkcə rəhbərin uğurla idarə etdiyi iş deyil, həm də onun olmadığı zamanlarda uğurla davam edən işdir.

Həyatımın 13 ilini həsr etdiyim “Lent.az”dan həm də bu səbəbdən rahat ayrılıram. İlk gündən birlikdə olduğumuz kollektiv, son gün vidalaşdığımız heyət, hər biri əziz olan insanlar, hamınıza təşəkkür edirəm.

Nələri etdik, nələri edə bilmədik, danışılası çox şeylər var. Amma vaxt yoxdu. Oxucularımıza, müəlliflərimizə, bizi seçən hər kəsə minnətdaram. “Lent.az” bizim zəhmətimiz idisə, sizin də diqqətiniz sayəsində həmişə öndə oldu. Bir az da oxucu kimi izləyək sevimli saytımızı. İş çoxdu, amma yorulmaq yoxdu. Hamıya uğurlar”.