Ramazanda pandemiyanı yaddan çıxarmamalı və daha artıq ehtiyatlı davranmalıyıq - Seyid Camal Əzimbəyli

"O kəslər ki, iftar süfrələri təşkil edirdi, indi bunun əvəzində ehtiyaclı insanlara, haqq sahiblərinə - şəhid ailələrinə, qazilərimizə yardım etsinlər, sovqat aparsınlar"

“Türkiyə koronavirusa yoluxma sayının artması ilə əlaqədar məhdudiyyətləri yenidən sərtləşdiriləcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib. Ərdoğan deyib ki, “qırmızı” əyalətlərdə (yoluxma sayının yüksək olduğu bölgələr) komendant saatı yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək. Həmçinin, Türkiyədə dövlət rəsmiləri tərəfindən Ramazan ayında kütləvi iftar süfrələrinin verilməsiylə bağlı da məhdudiyyətlər tətbiq ediləcək. Ərdoğan rəsmiləri, eləcə də bələdiyyələri Ramazan ayı boyunca kütləvi iftar süfrələrinin verlməsindən çəkinməyə çağırıb. 

Məlumdur ki, ötən il Azərbaycand da Ramazan ayı boyunca kütləvi iftar süfrələrinin açılması məhz koronavirus təhlükəsi səbəbiylə dayandırıldı. Növbəti ilin pandemiyasız  keçəcəyi arzuları da “suya düşdü”. Koronavirus bizi tərk etmək istəmir, üstəlik sürətini daha da artırır. Bunu yoluxma sayındakı artım göstərir. Bu gedişlə builki Ramazanı da dar ailə çərçivəsində, məhdud dairədə, fərd olaraq keçirmə ehtimalı daha böyükdür. Yəni, bu il də Ramazanı coşqu ilə, elliklə yaşaya bilməyəcəyik. Sonucda, Allaha təvəkkül. Görünür, bunda da İlahi sirr, İlahi hikmət var. 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında Türkiyənin qəbul etdiyi qərarların və  Prezidentin çağırışının zaman və şəraitə uyğun olduğunu bildirdi: 

- Ramazan şəfqət, mərhəmət, bağışlanma ayıdır. Həm də Rəbbimizin bəndələrinə fürsət tanıdığı bir aydır. Bu ayda həqiqi Allah bəndələrinin qəlbi mərhəmətlə dolur. Bu mənada Ramazan müsəlmanların baharı kimi qəbul olunur. Azərbaycan demokratik, dünyəvi bir dövlət olsa da, məlumdur ki, milli-mənəvi və dini dəyərərimizin də ən böyük təəssübkeşi dövlətimiz və dövlətimizin başçısı cənab Prezidentdir. Azərbaycan dövləti və onun başçısı hər zaman dini dəyərlərə hörmətlə yanaşıb və bunu əməlləriylə sübut edib. Lakin elə hadisələr ola bilir ki, bu zaman insan həyatı bütün digər amillərdən önə keçir. Bir halda ki, hazırda pandemiya şəraitindəyik, dünyanı dəhşətə salan koronavirus bəlası bizim ölkədən və xalqımızdan yan keçmir, gərək davranışlarımızı şəraitə uyğun tənzimləyək.

Builki Ramazan bizim üçün ikiqat bayram olacaq. Çünki 28 il sonra Ramazanı həm də işğaldan azad edilmiş Qarabağımızda keçirəcəyik. Bu, bizim üçün əvəzsiz iftixar hissidir və qürurvericidir. Amma qeyd etdiyim kimi, pandemiyanı yaddan çıxarmamalı və daha artıq ehtiyatlı davranmalıyıq. Xəstə olanlar, o kəslər ki, oruc tutmaları onların səhhətini ağırlaşdıra və xəstələnmələrə səbəb ola bilər, həmin insanlar oruc tutmamalıdır. Yalnız səhhəti oruc tutmağa imkan verənlər, sağlam olanlara oruc vacibdir, ilahi hökmdür. İftar süfrələrinin olmayacağından da üzülməyək. Ramazan təkcə mərhəmət, şəfqət, bağışlanma ayı deyil, həm də  bir fürsət ayıdır – sahib olduqlarımızı başqaları ilə paylaşmaq fürsəti. O kəslər ki, iftar süfrələri təşkil edirdi, indi bunun əvəzində ehtiyaclı insanlara, haqq sahiblərinə - şəhid ailələrinə, qazilərimizə yardım etsinlər, sovqat aparsınlar. İftar süfrələrini Allahın verdiyi ruzi və neməti paylaşmaqla əvəz etsinlər. Bu çox bəyənilən və İlahi dərgahda qəbul olunan əməldir. İftar süfrələri təşkil edib xəstəliyin yayılmasına, başqalarının  virusa yoluxmasına, sağlıqlarının təhlükə altına düşməsinə səbəb olmamalıyıq. Çünki can bəndəyə Allahın əmanətidir. Ona qəsd etmək günahdır. Allah rizasını qazanmaq üçün bizə növbəti bir fürsət verilir, inanıram ki, inanclı insanlarımız bu fürsəti lazımınca qiymətləndirəcək.