Əksəriyyət uzun illərdir uşaqlarına eyni adları verir

Mövzu ilə bağlı ilahiyyatçı ilə sosioloqun fikirləri haçalandı

Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır. Statistik məlumatlara görə, cari ildə Azərbaycanda ən çox qoyulan oğlan adı Əli olub. Belə ki, 2021-ci il ərzində 241 yeni doğulmuş körpəyə Əli adı qoyulub. Cari ilin statistikasına görə, 239 körpəyə Yusif, 232 körpəyə Hüseyn adı verilib. Ən çox üstünlük verilən qız adı isə Zəhra olub. Cari ildə 285 yeni doğulmuş körpəyə Zəhra, 216 körpəyə Aylin, 212 körpəyə isə Zeynəb adı qoyulub. Bu ay ərzində daha 23 körpəyə Polad adı verilib.

Ötən ayadək olan statistikada qeyd olunurdu ki, son 5 ildə 407 körpəyə Polad adı verilib. Mart ayında açıqlanan statistikaya görə isə son beş ildə Polad adını daşıyan körpələrin sayı 430 olub. Cari ilin 3 ayında isə 61 körpəyə Polad adı verilib.


İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, son illər yeni doğulmuş körpələrə dini adların verilməsi insanların islam dininə olan inancının artmasından irəli gəlir. Onun sözlərinə görə, burada dini olan inamla yanaşı başqa səbəblər də mövcuddur:

"Ümumiyyətlə, bu cür halların baş verməsi çox müsbətdir. Çünki həqiqətən də insanlarda inanc artımı sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu günləri gənclərin əksəriyyətinin həqiqətən də dinə bağlılığı artır. Bundan başqa yeni doğulmuş körpələrə dini adların verilməsi başqa səbəblərdən də qaynaqlanır. Məsələn, əgər xatırlayırsınızsa, bir müddət əvvəl Yusif adı kütləvi şəkildə populyarlaşmağa başladı. Oğlan adları içərisində Yusif adının birdən-birə bu cür populyarlaşması, təbii ki, ölkədə maraqla baxılan “Həzrət Yusif” teleserialının birbaşa təsirinin nəticəsidir. Bu film gənclərin islam dininə olan inancının yüksək səviyyədə inkişafına, habelə bu adın populyarmasına təsir göstərdi".



“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. O qeyd edib ki, hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməli və milli köklərə söykənməlidir:

"Hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür zənginliyinin lazımi səviyyədə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var. Qədim dövrlərdə bizdə də adlar ana dilimizdə olub və gözəl mənaları olub. "Dədə Qorqud" dastanına və digər eposlarımıza, folklorumuza baxdıqda bu aydın olur. Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu. Sovet dövründə milli adlar yenidən canlanmağa başladı, ərəb, fars adları azaldı. Burada ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı və bərpa olundu. Dini adlara gəldikdə isə, təbii ki, burada əsas faktor din- daha doğrusu, mövhumatdır. İnsanlar düşünür ki, müqəddəs şəxslərin adlarını uşaqlarına qoysalar onun üçün yaxşı olacaq. Lakin düşünmürlər ki, həyatda hər kəs hər şeyi öz zəhməti, biliyi, ağlı ilə qazanır, adının necə olması ilə yox. Müqəddəs şəxslərin adını qoymaqla uşağın taleyi valideynin istədiyi kimi formalaşmır. Məhəmməd, Əli, Yusif, Hüseyn, Fatma, Zəhra, Xədicə… adları qoyulmuş bəzi şəxslər böyüyüb cinayətkar, əxlaqsız adam olurlar. Bəs onda harda qaldı bu adların təsiri? Demək, valideyn uşağa övliya şəxslərin adını verməkdənsə, ona tərbiyə, təhsil və sağlamlıq versə yaxşı olar. Ona görə də ərəb adlarının yerinə öz milli adlarımızı qoymalıyıq. Əgər bir sinifdə 10 oğlan varsa və onlardan 7-sinin adı Məhəmməddirsə, bu, problemdir. 10 qız varsa 7-nin adı Zəhradırsa, bu da problemdir. Bu problem təkcə Azərbaycan üçün deyil, bəzi başqa ölkələr üçün də xarakterikdir. Azərbaycan və Türkiyədə buna bəzi filmlərdə buna işarə edilib və etiraz bildirilib. Məsələn, "Əhməd hardadır" və "Çalışquşu" filmlərini misal göstərmək kifayətdir".

Sosioloq daha bir təsirin seriallarla bağlı olduğuna diqqət çəkib:

"Belə ki, bizim evdar qadınlar bütün günü türk seriallarına baxır. Bu serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki, bu adların çoxunun nə mənası, nə də kökü aydındır. Bəzi hallarda isə pis mənası var. Bu da normal hal deyil. Ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir. Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa qoymur. Bir faktı da vurğulayım ki, bəzi vətəndaşlarımız xalqımızın tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət uşaqlarına adlar qoyurlar. Belə getsə yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları tamam fərqli olacaq - sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə kəsiləcək. Bir millətin assimilyasiya olub məhv olması üçün bu da kifayət edər. Bizim xalqın zəngin mədəniyyəti, zəngin dili var. O qədər qədim adlarımız var ki, onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun".