Gürcüstanda siyasi böhran çözülmədi

Avropanın vasitəçiliyi də münasibətləri normallaşdıra bilmədi

Siyasi ortamın gərgin olması isə regiona birbaşa təsir edir


Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün hakimiyyət və müxalifət arasında danışıqların növbəti mərhələsi də uğursuz nəticələnib. Ötən gün Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun vasitəçiliyi ilə baş tutan dialoqda tərəflər konkret təkliflər üzrə razılığa gəlməyiblər. Altı saatdan çox davam edən görüşdən sonra mediator təəssüflə bildirib ki, danışıqlar masasında kompromisə nail olmağa hazırlıq ifadə edilməyib.

Onun sözlərinə görə, təklif olunan razılaşma Gürcüstanda mövcud siyasi böhranı aradan qaldıra bilərdi, lakin heç bir partiya qərar qəbul etməyib. “Gürcüstanın gələcək yolu” adlı razılaşmada seçki və məhkəmə islahatları, parlamentdə hakimiyyət bölgüsü və bu ilin oktyabrında keçiriləcək yerli seçkilərlə bağlı təkliflər yer alıb. Danışıqlarda hakimiyyəti "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze və parlament sədri Arçil Talakvadze, müxalifəti isə 7 partiyanın nümayəndəsi təmsil edib. Dialoqun başa çatmasından sonra tərəflər bir-birilərini güzəştə getməməkdə günahlandırıblar. Qeyd edək ki, qonşu ölkədə siyasi böhran ötən ilin oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra başlayıb. Bu ilin fevralın 23-də müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsindın sonra böhran daha da kəskinləşib. K.Danielsonun vasitəçiliyi ilə bu ilin martın 18-də iqtidarla müxalifətin apardığı dialoq da heç bir nəticə verməyib.

Gürcüstanda baş verən siyasi proseslərlə bağlı fikirlərini "Şərq"ə bölüşən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstanda siyasi münasibətlərdə ciddi böhran yaşanır. O qeyd edib ki, iqtidar və müxalifət bir araya gələ bilmirlər:

"Ümumiyyətlə, hər iki düşərgə fərqli siyasi mövqelərə malikdir. Ona görə də ortaq mövqe mümkün deyil. NATO və ABŞ da bundan narahatdır. Çünki Gürcüstan Qərb üçün həssas bir ölkədir və burada demokratik islahatların aparılmasında maraqlıdır". 

M.Əsədullazadə hesab edir ki, müxalifətin Qərblə daha sıx münasibətləri var:

"Amma hakim partiyanın Rusiyaya qarşı siyasəti normaldır. Düşünürəm ki, bundan sonra Gürcüstanda siyasi vəziyyət normallaşmayacaq. Rusiya və ABŞ burada da mübarizə aparır.

Təbii ki, siyasi ortamın gərgin olması regiona mənfi təsir edir. Rusiya bundan istifadə edib regionda vəziyyəti deastiblizasiya edə bilər".