Xalq heç bir siyasətçiyə inanmır, ölkədən qaçır

"Gərgin və qarşıdurma şəraitində keçirilən seçkilər isə ermənilərin durumunu bir qədər də ağırlaşdıracaq"


Ermənistanda növbədənkənar parlament seçkisinin dəqiq vaxtının elan edilməsindən sonra müxalifət sıralarında parçalanma başlayıb. “Vətənin xilası” Hərəkatında olan bir sıra partiyalar seçkidə iştirak etməkdən imtina etdiklərini desələr də, bəzi partiyalar artıq təşviqat kampaniyasına start veriblər. Xüsusilə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” Partiyası və Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” Partiyası aktivliyini artırıb. Hər iki partiya bölgələrdə daha sürətli təbliğata başlayıblar.

Bu da “Vətənin Xilası” Hərəkatında narazılığı artırıb. Özəlliklə, hərəkatın lideri Vazgen Manukyan və Daşnaksütyun Partiyası müxalifətin seçkiyə qoşulmasına qarşı çıxıb. Hətta seçki əleyhdarları seçki tərəfdarlarını təhdid etməkdən belə çəkinməyib. “Qraparak” qəzetinə açıqlama verən keçmiş baş nazir Qrant Baqratyan həm hökumətlə danışıqlar aparılması, həm də baş nazirin istefasını tələb etməyin doğru olmadığını söyləyib. O, bunu edənlərin hərəkata xəyanət etdiyini deyib. Hərəkatda yer almayan, amma sıx əlaqələrə sahib olan Serj Sarkisyanın Respublikaçılar Partiyasında da bölünmələr yaşanır. Partiya lideri seçkiyə qatılmaq istəməsə də, onun fikrini dəstəkləməyənlərin sayı kifayət qədər çoxdur və Sarkisyan bu şəxslərin partiyadan ayrılacağından ehtiyat edir. 

Ermənistandakı prosesləri “Şərq”ə təhlil edən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistanda heç vaxt normal seçkilər keçirilməyib. Seçki prosesi həmişə dava-qırğınla müşayiət olunub, vəziyyət həddindən artıq gərginləşib, mitinqlər keçirilib, orada da insanlar güllələnib, öldürülüb. Analitikə görə, bu dəfə də seçkilərin gərgin keçirilməsi istisna olunmur:

“Seçki prosesi başlamamış, hər kəs hücuma keçib. Rusiyadakı ermənilər Robert Koçaryana qarşı çıxırlar. Sabiq prezident Serj Sarkisyan artıq bəyan edib ki, o və partiyası Robert Koçaryanı dəstəkləməyəcək və partiyası ilə seçkini boykot edəcək.

Sarkisyan ən yaxşı halda Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq istədiyini söyləyib. 4-5 deputat mandatına görə seçkilərdə iştirak etmək və bununla Nikol Paşinyanı legitimləşdirmək niyyətində olmadığını bildirib. Baş nazir Nikol Paşinyanın da öz favoritləri var.

Parlamentin spikeri Alen Simonyan, ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan, hökumətin aparat rəhbəri Arsen Torosyan və müşaviri Araik Harutyunyandır.

Görünən odur ki, seçki öncəsi didişməyə başlamış siyasətçilər mütləq hakimiyyət üçün bacardıqları hər şey edəcəklər. Amansız mübarizənin nəticəsində isə həmişəki kimi itirən dövlət və erməni xalq olacaq. Hazırda ölkədə vəziyyət çox mürəkkəbdir.

Xalq heç bir siyasətçiyə inanmır və çıxış yolunu ölkədən qaçmaqda görür. Gərgin və qarşıdurma şəraitində keçirilən seçkilər isə ermənilərin durumunu bir qədər də ağırlaşdıracaq”.