Yeyib-içməyə, gəzməyə gəliblər

Keçmiş həmsədrin etirafları ATƏT-i ifşa etdi

"Hoqlandın bu açıqlaması həm də o deməkdir, torpaqlarını işğaldan qurtarmaqla Azərbaycan təkcə Ermənistan üzərində qələbə çalmayıb"


ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland qurumun yarıtmaz fəaliyyətini etiraf edib və Qarabağ münaqişəsi ilə bağlı bütün cəhdlərin uğursuz olduğunu deyib. Hoqland “The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində bildirib ki, hələ o zamanlar yeganə həll yolunun müharibə olduğunu anladıqlarını etiraf edib.

Amerikalı nümayəndənin sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl Minsk Qrupunun həmsədrləri hər altı həftədə bir bölgəyə müntəzəm səfərlər ediblər. Səfir Anjey Kasprşiklə birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşüblər. Həmçinin, separatçılarla görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanıblar. Onun sözlərinə görə, bütün səfərlər zamanı “beş ulduz”lu hotellərdə qalıblar.

Əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən motellərdə dincəliblər, ən yaxşı restoranlarda yemək yeyiblər: “Hər zaman olduğumuz şəhərlərdə ən yaxşı restoranları axtardıq. ATƏT bayrağını göstərərkən Bakı və İrəvanda olduğumuz müddətlərdə yaxşı yaşadıq. Ancaq açığı, çox, çox az şey əldə edildi. Tərəflər öz mövqeyində möhkəm dayanır və ən kiçik müvəqqəti kompromisə belə razılıq vermirdilər. O zaman qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edəcək. Baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm”. 

Sabiq həmsədrin etirafları və keçmişin xiffətini çəkməsi ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Aliyev deyib ki, Riçard Hoqland qədər vasitəçilik missiyasının nəyə xidmət etdiyini bütün çılpaqlığıyla  açıb göstərən ikinci əcnəbi şəxsə rast gəlməyib. Deputatın sözlərinə görə, ay yarımdan bir regiona, Moskvaya və qərbdəki bir sıra ölkələrə turist səfərləri etdiklərini bildirən Hoqlandın “Lavrov planı” haqda yazdıqları da çox maraqlıdır:

“Hoqland yazıb ki, plan açıqlananda həmkarı, rusiyalı həmsədr Popovdan soruşub ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? Popov isə açıq şəkildə cavab verib ki, əlbəttə yox. O zaman Hoqland anlayıb ki, “Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”. Hoqland özü də etiraf edir ki, onlar vasitəçilik etmirmiş, gözəl otellərdə gecələyir, bahalı restoranlarda yeyib-içib gəzirmişlər. Münaqişənin həlliylə bağlı hazırlanmış planlar isə sadəcə gözə kül üfürmək üçün imiş. Azərbaycanla Ermənistan həmin sənədlərdə nəzərdə tutulanlarla razılaşsalar belə reallaşmayacaqdı. Ən azından Rusiya buna razı olmayacaqdı. İndi anlaşılır ki, Minsk Qrupunun həmsədrləri “məsələ ancaq sülh yoluyla həll edilməlidir” sözünü təkrarlayarq baş aldadır, münaqişəni necə var eləcə də saxlamaq istəyirdilər. Hoqlandın bu açıqlaması həm də o deməkdir, torpaqlarını işğaldan qurtarmaqla Azərbaycan təkcə Ermənistan üzərində qələbə çalmayıb. Bu həm də ermənilərin havadarları rolunda çıxış edən, daha dəqiqi onlardan geosiyasi məqsədləri üçün faydalananlar üzərində qələbədir”.