Qayıdış 10 il də uzana bilər

"Nəyin bahasına olur-olsun ermənilərdən xəritələr alınmalıdır"

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzuli rayonunun Alxanlı kəndi ərazində minatəmizləmə əməliyyatı həyata keçirib. Əməliyyatda texnika və xüsusi təlim görmüş itlərdən də istifadə olunub. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatı jurnalistlər tərəfindən də izlənilib. ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov deyib ki, işğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi minalardan təmizlənib.

Onun sözlərinə görə, həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib. M.Məmmədov bildirib ki, hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir: “Aşkar edilən minalar əsasən Rusiya istehsalı olan minalardır. Piyada və tank əleyhinə olan minalar çoxluq təşkil edir. Ərazilərdə ən çox erməni istehsalı olan minalara rast gəlirik”. 

O, erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinə də toxunub:

“Qarşı tərəf minalanmış ərazilərin xəritəsini bizə vermədiyi üçün mina sahələrini aşkar etməkdə çətinlik çəkirik. Demək olar ki, bütün ərazi minalanıb. Müxtəlif tipli minalar pərakəndə şəkildə basdırılıb. Artıq beynəlxalq səviyyədə məsələ qaldırılıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə versin. Verilmədiyinə görə ərazidə olan minaların yeri və sayı bilinmir. Bilinən odur ki, əllərinə hansı mina düşübsə, basdırıblar”.

Mütəxəssis Azər Hüseynov isə deyib ki, bəzən 1 kvadrat metr yerdə 4-5, 100 kvadrat metr yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar.

Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”. ANAMA rəsmisi mülki əhaliyə müraciət edib: “Bu ərazilərə mülki əhalinin girişi qadağandır. Ərazidə olanların bilmədiyi, hərəkət etdiyi marşrutların hamısında minalar ola bilər və hər hansı bir hadisə baş verə bilər. Artıq bütün ərazilər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarət altındadır. Daha əvvəlki kimi mülki şəxslər bu ərazilərə gələ bilmir”.

Mövcud təhlükəni “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bütün müharibələrdən sonra minaların təmizlənmə prosesi illərlə davam edib və çox çətinliklə başa çatıb. QAT rəhbərinin sözlərinə görə, 60 il ötməsinə baxmayaraq, hələ də İkinci Dünya müharibəsindən qalmış partlamamış silah-sursat, bombalar aşkarlanır:

“Çox ağır prosesdir. Nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilərimiz təxminən 11 min kvadrat kilometrdir. Bu qədər böyük bir ərazini qarış-qarış təmizləmək xeyli vaxt və insan resursları hesabına başa gələcək.

Hər halda torpaqlarımızın minalardan təmizlənməsi prosesi fasiləsiz davam etdirilir. İlk növbədə infrastruktur nəzərdə tutulan əraziləri, yolları, obyektlərin yerləşəcəyi torpaqları minalardan təmizləyirlər.

İkinci mərhələdə isə kənar bölgələrin təmizlənməsinə start veriləcək. Bu da doğru seçimdir. Hətta 10 il davam etsə belə minalanmış ərazilər tam təmizlənməlidir. Vətəndaşlarımız öz yurdlarına geri döndükdən sonra belə təmizləmə işi dayanmamalıdır. Əlbəttə, əlimizdə minalanmış ərazilərin xəritəsinin olması yaxşı olardı. Həm işimiz yüngülləşər, həm də proses tez başa çatardı.

Rəsmi Bakı beynəlxalq təşkilatlar qarşısında təkidlə məsələ qaldırmalıdır. Nəyin bahasına olur-olsun ermənilərdən xəritələr alınmalıdır. Xəritələrin verilməməsinin özü təxribatdır və işğalçılıq missiyasının davamıdır”.