Ölkə uçurumun astanasındadır

Baş nazir bir söz deyir, xarici işlər naziri başqa...

Ermənistan rəhbərliyinin açıqlamaları biri-birinə daban-dabana ziddir


Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbul edilməsi prosesinə əngəl törədib. Yerevanın bu hərəkəti rəsmi Kiyev tərəfindən narazılıqla qarşılanıb. Bəyan edilib ki, dağıdıcı davranışla Ermənistan sadəcə Ukraynaya düşmən münasibəti nümayiş etdirmir, həm də bütün təşkilatın nüfuzuna və funksionallığına zərbə vurur. Ona görə də Yerevanın pozucu hərəkəti Qərbdə ciddi narazılığa səbəb olub. Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib “uğur hekayəsidir”.

Missiyanın büdcəsi 100 milyon avrodur və onun fəaliyyətinə 1 000-dən çox işçi cəlb olunub. Lakin missiyanın mandatının müddəti martın 31-də başa çatıb. Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin son dövrlərdəki fəaliyyəti və Azərbaycana qarşı getdikcə daha da aqressivləşən bəyanatları Baş nazir Nikol Paşinyanın xarici siyasət qurumuna nəzarət etmədiyini göstərir. Ermənistan XİN-in destruktiv addımlarını “müstəqil” şəkildə atdığı, yaxud xaricdən idarə olunması isə açıq sualdır. 

Politoloq Natiq Miri “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistandakı siyasi böhran Yerevan hökumətinin konkret qərarlar qəbul etməsinə imkan vermir.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hökuməti monolit deyil və baş nazirin təyin etdiyi Xarici işlər naziri Ara Ayvazyan revanşist qüvvələrin, “Qarabağ klanı”nın başında duran şəxslərin yürütdüyü siyasəti davam etdirir:

“Ayvazyanın xarici siyasəti reallığa söykənmir və Ermənistanı çətin duruma salır. Ukrayna 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən mövqe sərgilədi. Ola bilsin, Ermənistan sırf bu məqsədlə Kiyevə qarşı addımlar atır.

Həm də Qərb dünyasına mesaj verir ki, Qarabağ probleminin həllində Yerevanı təklənmiş vəziyyətdə buraxdılar.

Yəni məğlubiyyətin günahını başqalarında, xüsusən də onları müdafiə etməyən Qərb ölkələrində axtarır. Amma bu yanaşma Ermənistanın düşdüyü vəziyyətə adekvat deyil”. 

N.Miri qeyd edib ki, Paşinyan dəfələrlə Ermənistanın gələcək inkişafının qonşu ölkələrlə, ələlxüsus Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini, kommunikasiya xətlərinin bərpasından asılı olduğunu söyləyib:

“Baş nazirin bu açıqlamasının müqabilində Ermənistanın xarici işlər naziri ATƏT-də tamamilə fərqli mövqe ortaya qoyur. Belə ziddiyyətli addımlar əslində Yerevanın özünə zərbə vurur.

Nəticədə Ermənistana olan geosiyasi maraqlar zəifləyir. İndiki şəraitdə heç bir Qərb dövləti məğlubiyyətə uğramış və perspektivi olmayan bir ölkə ilə münasibət qurmaqda həvəsli deyil.

Qlobal güclər regionun daha əhəmiyyətli və qüdrətli ölkələri ilə əməkdaşlığa üstünlük verirlər. Ermənistan isə narazılıq doğuran, düşmənçiliyə səbəb olan qərəzli siyasəti ilə bütün dövlətlərlə əlaqələrini korlayır və Yerevanı oyundan kənarda qoyur.

Əgər Paşinyan buna son verməzsə və Ayvazyanı vəzifədən uzaqlaşdırmazsa, Ermənistanı uçuruma yuvarlanmaqdan xilas edə bilməyəcək”.