Məktəblər gah açılır, gah bağlanır

Ucqar kəndlərdə vəziyyət daha acınacaqlıdır

Keyfiyyət baxımından yanaşdıqda distant təhsilin səviyyəsi çox aşağıdır


Hibrid tədris forması hələ ki, davam edir. Paytaxtda, eləcə də bölgələrdə bəzi məktəblərdə koronaviusa  yoluxma faktları aşkarlandığı üçün tədris distant formaya keçirilir, bir müddət sonra yenidən əyani tədris bərpa olunur. Qısası, məktəblər gah açılır, gah bağlanır. Məsələn, paytaxtdakı 39 və  258 saylı tam orta məktəblər, eləcə də 166 saylı məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə bu təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formaya keçirilmişdi. Amma hazırda bu təhsil müəssislərində əyani tədris bərpa edilib. Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır. Bu məktəbdə dərslər aprelin 14-nə kimi distant formada davam etdiriləcək. Bundan əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb-liseydə də dərslərin distant formada keçirilməsi qərara alınmışdı. Təbii ki, bundan əziyyət çəkən şagirdlər, həm də müəllimllərdir.

Təhsil Nazirliyinin qərarına görə pandemiya ilə bağlı əyani dərslərdə iştirak könüllüdür. Valideyn övladının əyani dərslərdə iştirak etməyəcəyinə dar yazılı bildiriş təqdim etməlidir.

Mənzərə belədir; şagirdlər arasında kefi istəyən məktəbə gəlir, istəməyən gəlmir. Bir qədər sərt ifadə olunsa da, həqiqət budur. Müəllimlər də dərs qrafikinin ağırlığından şikayətlənir. Sinifdə 3-5 nəfərə əyani dərs keçən müəllim, digərlərinə - onlayn dərslərə qoşula bilənlərə evdə distant dərs keçməli olur. Bu isə müəllimlərin zehni yüklənməsinə və tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Amma nə edəsən? Başqa çıxış yolu yoxdur. Ya gərək birdəfəlik qapanma olsun, ya da əyani dərslər tam bərpa edilsin. Müəllimlərin, uşaqların sağlamlığı baxımından buna getmək də çətindir, məsuliyyətlidir. Vəziyyət mürəkkəbdir.  Təhsil Nazirliyi isə tədrisin hansı formada davam etdirilməsiylə bağlı  ictimai rəy sorğusu keçirir.

Rəy sorğusunda hansı tədris formasının daha çox uyğun görüldüyünə dair seçmələr təqdim edilir; distant tədrisəmi üstünlük verirsiniz, əyani tədrisəmi, yoxsa ikisi də, paralel olsun və sair. Nazirlik valideynlərin fikrini öyrənmək istəyir. Bəs təhsil mütəxəssisləri nə fikirdədir? Vəziyyət nəvaxtadək belə davam edəcək? 

Bərdə rayonu, S.Behbudov adına 6 saylı məktəbin tərbiyə işləri üzrə direktor müavini Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, yoluxma sayı artdıqca çox narahatlıq keçirirlər: 

- Bu narahatlıq tək sağlamlığımızla bağlı deyil, həmçinin tədrisin necə davam etməsi bizi narahat edir. Təhsil naziri cənab Emin Əmrullyev dünənki paylaşımında da bu haqda sorğu keçirmişdi.

Təhsil Nazirliyi həmişə qeyd edir ki, ictimaiyyətin fikri bizim üçün çox önəmlidir. Bu müstəvidən yanaşnda əlbəttə ki, fikirlər çox önəmlidir.

Ümumiyyətlə, keyfiyyət baxımından yanaşdıqda distant təhsilin səviyyəsi çox aşağıdır. Təsəvvür edin ki, sinifdəki 20 şagirddən çox zaman maksimum 10-u dərsə qoşulur.

Müqayisə etdikdə təkcə paytaxta uyğun olaraq qərar vermək məqsədəuyğun deyil. Kənd məktəblərini də nəzərə almalıyıq, hələ ucqar kəndlərdə vəziyyət gördündüyündən daha acınacaqlıdır. Mən rayon mərkəzində yaşadığıma baxmayaraq "Virtual Məktəb" platformasında doğru-düzgün istifadə edib dərsimi keçə bilmirəm. İnternet “gedir”, setdə nasazlıq baş verir. Bu platforma bugünkü internetə uyğun tarazlıqda deyil. Müəllimlərimizin bir çoxu  məktəbdə dərsini keçib evə gedir, orda da onlayn dərs, bu da heç keyfiyyətli olmur.

Qeyd edilməsə belə məlumdur ki, 10-11-ci siniflər daha çox repetitor yanına gedirlər, bu müstəvidə həmin sinif şagirdlərini distant təhsil o qədər də narahat etmir. Yoluxma sayına nəzər salsaq, görürük ki, artım var. Şagirdlərin dərsə davamiyyəti könüllüdür. Bu barədə biz sadəcə tövsiyə verə bilərik, əlimizdən ayrı  heç nə gəlmir. Ancaq bir tərəfdən də fikirləşmək lazımdır ki, 9 illik təhsil icbaridir. E.Ramizoğlu əyani tədrisə üstünlük verilməsini zəruri sayır: 

- Distant dərslərdə şagirdlər çox geri qalır, ənənəvi təhsilə qayıdanda isə bunun əziyyətini müəllimlər də, şagirdlər də çəkir. Pərakəndilik yaranır. Fikrimcə, gigiyena qaydalarına əməl etməklə dərslərimizə ənənəvi qaydada başlamalıyıq. Ortada qalan boşluğu doldurmaq üçün zamanımız çox azdır. Hər bir halda bu qərarı Nazirlər Kabineti verəcək, ona görə də inanıram ki, hər kəsə uyğun qərar olacaq. 

Qeyd edək ki, müəllimlərin, pedaqoji işçilərin peyvəndlənməsindən də çox şey asılı olacaq. Müəllimlər arasında peyvəndlənmənin ikinci mərhələsi artıq başlayıb. Bəlkə peyvəndləmə başa çatarsa, təhlükə də azalar, əyani dərslərin tam bərpası da mümkün olar.