Taleh Mansurdan yeni şeirlər: ... Arzuna bircə ovuc vətən qat - VİDEO

"Sherg.az" tanınmış şair Taleh Mansurun yeni şeirlərini təqdim edir.   

Bilmir

Zirvəmi ucalır, dağmı alçalır,
Enən də, qalxan da öyünə bilmir.
Savab söz alanda günah əl çalır,
Gedir bir alqışın küyünə, bilmir.

Tökülür torpağın gül qanadları,
Düşür kürəyindən tül qanadları,
Külək qanadları, yel qanadları
Quş olub çəkilib göyünə, bilmir.

Çox çəkər sandığım keçir anında,
Mən şeir gəzirəm söz insanında.
Ömrümün-günümün dəyirmanında
Saçıma düşən dən üyünə bilmir.
 
Ötüşdü payız, qış, çıx, yarım, üzə,
Qoy axsın təbəssüm baharım üzə.
Gərək ürəyimi çıxarım üzə,
Köksümün altında döyünə bilmir.

Ahımdan qərq oldu dərya, göl qəmə,
Ağlaya bilmədi, batdı gül qəmə,
Ən böyük sualam mən öz kölgəmə,
Qoşulub gedirəm nəyinə, bilmir

Taleh Mansur
3 fevral 2021...

 

                   Şəhid oğlu

(Şəhid Mətləb Həsənovun 10 yaşlı oğlu Nemətin timsalında bütün şəhid övladlarına ithaf olunur)
 
Ürəyinin başını
Vətən eşqi bəzəyir,
Göz yaşların Şuşanın
Yağışına bənzəyir.

Boğazında boğulan
Qəhərə qurban olum.
Qarabağda doğulan
Zəfərə qurban olum.

Silahın, tətiyin yox,
Yumruğun biləyin var.
Duya bilmədiyin yox,
Deyə bilmədiyin var.

Atan torpağa döndü,
Sən torpağın oğlusan.
Zirvəyə, dağa döndü,
Ucalığın oğlusan.

Şəhidlər bayrağına
Könül verib alışar,
Ulduzuna, ayına,
Rənglərinə qarışar.

İndi düşmən atanın
Yoxluğundan qorxacaq.
Şəhid məzarlarının
Çoxluğundan qorxacaq
 
Şəhid oğlu, ruhunu
Haqqa götür, haqqa çat.
Əsgər olmaq arzuna
Bircə ovuc vətən qat.

Məğrur yaşa, mərd yaşa,
Uzaq yaxına gəlsin.
Savaşlardan birbaşa
Atan yuxuna gəlsin.

Qiyamətə qalmadı,
Qisas biz deyən oldu
Vətən şəhid olmadı,
Şəhidlər vətən oldu.

Bu xalq sənin qınındı,
Ayrı düşmə qınından.
Qanın şəhid qanıdı,
Muğayət ol qanından...

Taleh Mansur,
 Dekabr, 2020...