İNTİHAR MÜƏMMASI: səbəblər və qurtulma yolları - Təhlil

Hazrda ölkədə nəzərə çarpacaq dərəcədə artan, bir çoxları üçün ilk baxışdan səbəbsiz və təəccüb doğuran intiharların nədən baş verməsini analiz etdikdə 4 əsas faktoru mütləq nəzərə almaq lazımdır:

1. Uzun zamandır dünyanı dolaşan virus xofu və onun ətrafında cəmiyyəri gərginlikdə saxlayan intensiv informasiya basqısı.Üstəlik kütləvi evə qapanmaların yaratdığı müxtəlif tipli psixoloji gərginliklər, kəskin ünsiyyət çatışmazlığının törətdiyi tənhalıq və emosional tükənmədən yaranan stress və depressiyalar.Həmçinin, bununla bağlı əksər insanların elektron informasiya vasitələrindən ifrat asılılığından irəli gələn psixi pozuntular.
2. Bir faktor kimi, ilk baxışdan zaman etibarı ilə qısa, cəmi 44 gün çəksə də, ölkəmizin çox ağır bir Vətən Müharibəsindən çıxmasını göstərmək olar. Bu müharibəyə dövlət hərbi-siyasi cəhətdən hazır olsa da, ümumilikdə cəmiyyətin maddi rifah halı, eləcə də dinclik və əmin-amanlıqda yaşayan sadə insanlar, xüsusən də psixoloji cəhətdən buna tamamilə hazır deyildilər. Bu qanlı müharıbənin  qurbanları təkcə döyüşlərdə canını fəda verən şəhidlər və sağlamlığını itirən qazilər olmadı, onun bəlasını bütün xalq çəkdi. Unutmayaq ki, müharibənin gətirdiyi bu bəlaları təkcə əzizini itirən bir ailənin faciəsi kimi yox,  ölkəmizin bütün bölgələrındə yaşayan soydaşlarımız özlərinin ağır bir itkisi, dərdi kimi qəbul etdi. Cəbhəyanı bölgələrdəki şəhər və kəndlərdə də müharibənin gedişində azğınlaşmış düşmənin törətdiyi vəhşılıklər, insanların ömrü boyu tikib-qurduqları isti ocaqlarının, yurd-yuvalarının daimi olaraq top və raket atəşlərinə tutması, dinc əhalinin, xüsusən də məsum uşaqların öldürülməsi və yaralanması da, əlbəttə, hamıda bir şok və  dərin psixi sarsıntılar yaratmaya bilməzdi.Ümumilikdə, bütün bu baş verənlər də destruktiv bir faktor kimi əhalinin psixoloji durumunda öz neqativ izlərini qoydu və onlarda müxtəlif patalogiyalar ilə müşayət olunan posttravmatik psixi pozuntuların yaranmasına səbəb oldu.
3. Sosial və iqtisadi faktorlar da ümumilikdə, cəmiyyətin sağlam sosial-emosional durumunun formalaşmasında mühüm rol oynayır. Pandemiya ilə bağlı iş yerlərinin kütləvi şəkildə bağlanması, insanların daimi gəlirlərinin xeyli azalması ilə dolayı, onların adət etdikləri rifah halının, həyat tərzinin və yaşayış səviyyəsinin kəskin pisləşməsi, istər-istəməz onlarda bir ruh düşkünlüyü, ailələrdə psixo-emosional gərginlik, cəmiyyətdə isə, müvəqqəti də olsa, bir sosial-iqtisadi kollaps yaratdı. Bütün bunlar da, əlbəttə, əhalinin psixoloji durumunda öz neqativ izlərini qoydu.
4. Daha bir faktor da, bu tipli neqativ hadisələri xəbər başlığı edib iri sərlövhələrlə sosial mediada və TV - lərdə gündəmə gətirərək müzakirə obyektinə çevirməklə, biz həmçinin insanların altşüuruna (təhtəlşüura) bu haqda siqnallar ötürürük. Bu siqnallar da irsi meyilliliyi olanlarda, gərgin psixo-emosional vəziyyətdə və ağır maddi durumda olan insanlarda, habelə, patoloji psixi pozuntusu olan adamlarda intihar riskini kəskin artırır.
Hələ 100 il əvvəl Hötenin məhşur qəhrəmanın sonda intihar etdityi əsəri çap olunduqdan sonra, Avropanı və ABŞ-ı kütləvi intiharlar bürümüşdü. Alimlər bunu romanın qəhrəmanının soyadı ilə Verter effekti(sindromu) adlandırdı və müəyyən etdilər ki, bədii ədəbiyyatın başlıca təbliğat vasitəsi olduğu o dövrdə  gənclərin kumirinə çevrilmiş qəhrəmanin intiharı elə buna səbəb olmuşdur. Beləliklə, biz bu tipli informasiyaları davamlı şəkildə  təkrarlamaqla özümüz də bilmədən onu təbliğat obyektinə çeviririk və intiharı çətin duruma düşmüş insanlar üçün əsas çıxış yolu kimi təbliğ etmiş oluruq.
Əlbəttə, bütün bu yuxarıda göstərdiklərimiz bir neqativ sosial faktorlar kimi, destruktiv stress hallarının artmasına, insanların ümumi psixoloji durumunun pisləşməsinə səbəb ola bilir.
Lakin, onu da qeyd edim ki, sadaladığım bu 4 faktoru, ayrı-ayrırıqda və ya bir yerdə hazırda artan intiharlara birbaşa səbəb kimi göstərmək düzgün olmazdı. Çünki, unutmaq lazım deyil ki, intihara psixoloqlar  daha bir neçə başlıca səbəblər də göstərirlər:
a) şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri, yaxud onun psixo -tipi:
- yəni xarakter və temprament tipləri,
a) genetik faktorlar:
-yəni intihara irsi şüuraltı meyllilik
c) psixo-fizioloji yaş xüsusiyyətləri:
-yəni ontogenezdə baş verən yaş böhranları zamanı psixikası hələ formalaşmamış gənc orqanizmdə gedən sürətlı hormonal dəyişiklərin onun psixo-emosional halətinə və davranış xüsusiyyətlərinə təsiri və s. Əlbəttə, bu faktorları da, yalnız bilavasitə olaraq, insanın öz həyatına qəsd etmək kimi çətin bir addım atmasına gətirən başlıca faktorlar kimi göstərmək olar.İntiharların qarşısını alınması üçün konkret bir göstəriş olmasa da, düşünürəm, ölkədə hüquqi dövlət və sağlam, ləyaqətli, təminatlı bir vətəndaş cəmiyyəti qurmaqla, həmçinin, təhsil ocaqlarında və ailələrdə sağlam psixoloji və emosional mühit formalaşdırmaqla intiharların profilaktikasına qismən də olsa, nail olmaq mümkündür.

Famil Səfərov
Məktəb psixoloqu