Yeni plan: “Azərbaycan şəhid verir, Rusiya susur” – Kremlə təzyiq ! 

“Ərazilərin minalanmasının qeyri-insani davranış olduğu dünyaya çatdırılmalıdır”

“Bu, çox vacibdir. Rusiyadan hər şey gözləmək olar”

“Çünki ancaq gücə inanan bu dövlətin prioriteti Cənubi Qafqazdakı mövcudluğunu uzunmüddətli etməkdir”


Məlum olduğu kimi, müharibənin bir neçə aydır bitməsinə rəğmən, hələ də, demək olar, hər gün bir şəhidimizi torpağa tapşırırıq. Çünki hərbçilərimiz minaya düşürlər. Ermənilər isə bütün imkanları ilə məlum xəritəni vermirlər. Müxtəlif iddialara görə, bu, Rusiyanın planıdır. Niyyət isə guya təhlükəsizliyi daha yaxşı təmin etmək məqsədilə Qarabağdakı “sülhməramlıların”(red: dırnaq işarəsi altında yazmaya bilməzdik) sayını artırmaqdır. Deməli, qorxduğumuz başımıza gələ bilər...

 Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay səslənən fikirlər barədə “Sherg.az”a danışdı. Onun sözlərinə görə, Azərbaycan hər cür ssenariyə hazır olmalıdır: 

“Nəzərinizə çatdırım ki, belə minalar mülki əhali və hərbçini “tanımayan”, sülh dövründə belə, can alan insanlıqdankənar silahdır. Müharibədən sonra sırf minalar səbəbindən çoxlu şəhid verməyimiz və Rusiyanın hələ də səssiz qalması diqqət çəkən məqamdır. Ən azından ona görə ki, hazırkı vəziyyət 1997-ci ildə imzalanan “Mina qadağası” razılığına ziddir. Həmin sənəddə canlı qüvvə əleyhinə olan minaların istifadəsi, hazırlanması, yayılması qadağan edilir. Ola bilsin, Ermənistanın yeni planları var. Belə ki, rəsmi İrəvanın uğradığı məğlubiyyətin “revanşı” həvəsi ilə yeni müharibəyə hazırlaşması mümkündür”.

Y. Onay, həmçinin Azərbaycanın baş verənlərə münasibəti barədə də danışdı:

“Problemin diplomatik həlli üçün Rusiyaya təzyiq göstərilməlidir. Ərazilərin minalanmasının qeyri-insani davranış olduğu müxtəlif ölkələrdəki səfirliklər vasitəsilə dünyaya çatdırılmalıdır. Bu, çox vacibdir. Rusiyadan hər şey gözləmək olar. Çünki ancaq gücə inanan bu dövlətin prioriteti Cənubi Qafqazdakı mövcudluğunu uzunmüddətli etməkdir. Məqsədi isə Türkiyə- Azərbaycan münasibətlərini nəzarət altında saxlamaqdır”.