Zirvə görüşündə düşmənə mesaj:“Məsələ bitib, revanşizmdən əl çəkin”

Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü baş tutub. Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin xatırladıb ki, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar: 

“Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.



Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov bu barədə “Sherg.az”a danışdı: 

“Sözügedən fikirlər hər şeydən əvvəl ermənilərə verilən mesaj idi. Yəni məsələ, bitib, revanşist hisslərlə yaşamaqdan əl çəkin. “Dağlıq Qarabağ” termini isə artıq yoxdur. Sovet dövründə gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək məqsədilə yaradılan “DQMV”  ləğv olunub.
Bundan sonra Ermənistanda Qarabağ ermənilərinin gələcəyi ilə bağlı illuziya qurulmamalıdır”.