İddia:“Sadıqovu həbs etmək asan deyil” – Rusiya qoruyur?

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla bağlı məsələ yenə də müzakirə mövzusudur. Xüsusilə də Sadıqovun Dubayda dincəldiyini əks etdirən videogörüntülər yayıldıqdan sonra cəmiyyətdə ardı-arası kəsilməyən fikirlər irəli sürülür. Hər kəs diqqəti onun cəzalandırılmalı olduğu halda Dubayda dincəlməsinə çəkir.


N.Sadıqovun Rusiya ilə bağlılığı, Azərbaycan Ordusundakı peşəkar zabitlərini bu və ya digər şəkildə sıradan çıxardığı barədə iddialar səsləndirilir. Hətta onu xəyanətdə ittiham edənlər də var. Bəs, N.Sadıqovu hansı cəzalar gözləyir?



Məsələni “Sherg.az”a dəyərləndirən “AĞ” Partiya sədri Tural Abbaslı bildirib ki, N.Sadıqovla bağlı hadisələr göründüyü qədər sadə deyil:

“Ona qarşı cəmiyyətdə və ordu daxilində bu qədər narazılıq olmasına rəğmən hələ də həbs olunub, məhkəmə qarşısına çıxarılmaması heç də adi deyil. “İqtidar istəmir deyə bunu etmir” düşüncəsində deyiləm. Heç kəsə sirr deyil ki, N.Sadıqov Azərbaycanda və ordumuzda başqa bir maraqların təmsilçisidir. O, konkret olaraq Rusiya maraqlarının ifadəçisidir. Təbii ki, Rusiya özünə qulluq edən şəxsləri qorumağa cəhd edir. Rusiyaya xidmət edən digər şəxslər də bu hadisələrdən nümunə götürməlidir:Rusiya öz adamlarını sona qədər qoruyur. Düşünürəm ki, buna görə də N.Sadıqovu həbs etmək o qədər də asan deyil”.

T.Abbaslının fikrincə, Azərbaycan diplomatiyası ona çalışmalıdır ki, N.Sadıqov Rusiyaya rəğmən həbs olunsun, törətdiyi qanunsuzluqlara görə cavab versin:

“Beləliklə, hökumət daxilə bir mesaj versin ki, “biz kimisə cəzasız qoymuruq”. Bu gün Sadıqovun adı ilə yüzlərlə günahsız əsgərin ölümünə dair məsələlər, orduda korrupsiya halları sadalanır.

Ordunun zəifliyinin səbəbi kimi N.Sadıqovun adı hallanır. Sabiq Baş Qərargah rəisi bu və ya digər formada cəzalandırılmasa, bu, ordu və dövlət içində olan digər “5-ci kolon” nümayəndələrinə stimul olacaq. Məsələn, “N.Sadıqova nə edə bildilər ki, bizə də nəsə etsinlər” kimi anlayış olacaq.

Ona görə də cəzasızlıq məsələsinin gündəmdə qalmaması üçün mütləq yol tapılaraq N.Sadıqov cəzalandırılmalıdır.
Hansı formada cəzalandırılmasına gəlincə, Azərbaycan hüquqi bir dövlətdir. Ölkəmizdə məhkəmə sistemi, istintaq orqanları var. Müvafiq istintaq aparılmalı və məhkəmə onun xəyanətinə uyğun cəza verməlidir.

N.Sadıqov heç bir əfvə və amnistiya aktına düşmədən ömrünün sonuna qədər həbsxanada törətdiyi cinayətin cəzasını çəkməlidir”.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.