Taksilərə qiymət limiti qoyulur?

"Problem ordadır ki, ictimai nəqliyyatın işləməməsi bu şəraiti yaradır"

Təəssüflər olsun ki, ölkəmizdə karantin rejimi olduğuna görə paytaxt taksilərində qiymət artımı müşahidə edilir. Bəzi taksi şirkətləri bu vəziyyətdən istifadə edərək pul qazanırlar. Bu halı xüsusən də qısa nömrə taksilərdə görürük ki, onlar mümkün qədər daha çox müştəridən pul qoparmağa çalışırlar. Müxtəlif şirkətlərə məxsus bu taksilər gün ərzində eyni ünvanlara fərqli qiymətlərə xidmət göstərirlər. Təbii olaraq müştərilər taksilərin xidmət qiymətindən narazılıq edirlər.

Yəni məsafə eyni olsa da, qiymət fərqli olur. Ötən gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb-azaltması qanunazidd əməl sayılmır. O qeyd edib ki, qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil.

Mövzu ilə bağlı "Şərq"ə danışan  “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bu, sadəcə, bazarın tələb-təklif qanunudur:

"Burada qiymət limiti qoyulması mümkün deyil, çünki azad bazar iqtisadiyyatıdır. Kim xidmətini neçəyə istəsə təklif edə bilər. Tələbat varsa istifadə edəcəklər, yoxdursa etməyəcəklər. Problem burda deyil. Problem ordadır ki, ictimai nəqliyyatın işləməməsi bu şəraiti yaradır. Hökumət bu addımı atmaqla pandemiya ilə mübarizədə fayda əldə edə bilmir, əksinə, zərər əldə edir. Çünki insanlar onsuz da vacib yerlərə gedib gəlirlər. Nəticədə daha artıq xərcə düşürlər, ara yerdə dövlət büdcəsi zərər görür, iqtisadiyyata zərər dəyir. Yoluxma isə azalmaq əvəzinə artır. Ona görə də metro və avtobus nəqliyyatı tam bərpa olunmalıdır. Qaldı ki taksi sürücülərinin vicdanına, kapitalizm mühitində bundan danışmaq mənasızdır. Çünki pul, gəlir əsas məqsədə çevriləndən sonra heç kim vicdanı ilk yerə qoymur, ilk məqsəd daha çox gəlir əldə edib normal yaşamaqdır. Bu taksi sürücülərinin 90 faizi digər sahələrdə işini itirərək şəxsi maşını ilə ailəsini dolandırmağa məcburdur". 

E.Bayramlı qeyd edib ki, əvvəlki qiymətlərlə maşının heç amortizasiya xərclərini həll etmək olmurdu:

"Çünki taksi şirkətləri işsizlikdən istifadə edərək sürücüləri istismar edir və qəpik-quruşa işlədirdi. Ara yerdə şirkət qazanırdı, sürücü isə son nəticədə qazanmırdı. Çünki maşını sıradan çıxıb məhv olurdu. Yəni o, min manat qazanmışdısa, sonda 3-5 min zərərə düşürdü. Bu problemi həll etmək üçün iqtisadiyyat tam bərpa olunmalıdır. İş yerlərinin hamısı açılmalı, ictimai nəqliyyat tam gücü ilə işləməlidir. Bu, bütün ölkələrdə belədir. Təcrübə göstərdi ki, bu tədbirlər virusun azalmasına gətirib çıxarmır. Bu halda belə mənasız qadağalara ehtiyac yoxdur".