Dövlət diqqəti artırdı

Yerli məhsullar yetişdirməyə maraq artacaq

Fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək


Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası 2021-ci il ərzində salınan və ya salınacaq intensiv portağal, naringi, limon, zeytun, nar və fındıq bağlarına görə əkin subsidiyasına əlavə olaraq yeni bağın salınma xərclərini qismən kompensasiya məqsədilə verilir.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu mayın 31-dək davam edəcək. 2021-ci ilin 1 fevral-31 may tarixləri arasında yeni intensiv portağal, naringi, limon, zeytun, nar bağları salmış və ya il ərzində bağ salmağı planlaşdıran fermerlər öz əkinlərini (salınan və planlaşdırılan) EKTİS-də bəyan etməlidir. Birdəfəlik əkin subsidiyası yalnız qeyd olunan intensiv meyvə bağlarına görə verilir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki,  ölkəmizdə yerli məhsulları az əkilir. Onun sözlərinə görə, bunun səbəbi dövlət tərəfindən bu sahəyə diqqətin az olması ilə əlaqədardır:

"Bildiyimiz kimi, ölkəyə kənardan subtropik meyvələr gətirilir. Əsasən hazırda bazarda Türkiyə portağalları monopoliyanı ələ alıb. Yerli məhsullar isə az əkilir. Bunun da səbəbi dövlət tərəfindən bu sahəyə diqqətin az olmasıdır. Fermer bu səbəbdən müəyyən qism üçün subtropik meyvələr əkir. Meşə fondunun balansında olan torpaqlar əkinə yararlı olsa da istifadə edilmir. Müəyyən ərazilər isə turizm sahəsi üçün arendaya verilib. Misal olaraq, Nabranda bunu açıq-aydın görmək olar. Çox təəssüflər olsun ki, Lerikdə meşə fonduna aid torpaqlardakı ağaclar kəsilərək turizm sahəsi üçün istifadə edilir. Bu baxımdan yeni qərara əsasən, artıq subtropik meyvələrin məhsuldarlığın artırılması və bu sahənin inkişaf etdirilməsi üçün meşə fonduna aid olan torpaqlardan da istifadə olunacaq". 

R.Qarayev vurğulayıb ki, yeni qərara əsasən, fermerlərə 4 il ərzində hər hektara görə 700 manat əlavə əkin subsidiyası ödəniləcək:

"Fermerlər karta köçürülmüş subsidiya vəsaitindən ən azı iki il ərzində istifadə etməlidir. Kartda iki il ərzində istifadə edilməyən subsidiya vəsaiti qalarsa, bu barədə fermerə xəbərdarlıq göndərilir. Əgər xəbərdarlıq göndərildikdən sonra da kartdakı vəsaitdən istifadə olunmursa, o zaman növbəti dövr üçün fermerə subsidiya verilməyəcək. Hesab edirəm ki, fermer üçün verilən subsidiya tam istifadə olunmalıdır ki, o, növbəti dəfə müraciət edə bilsin".