Su ehtiyatlarımız çox azdır

Qlobal quraqlıq gözlənilir, Azərbaycan üçün çətin olacaq

"Qarabağın azad olunması ilə su ehtiyatlarımızın 30 faizi özümüzə qayıdıb. Təcili surətdə bu ehtiyatlarla bağlı tədbirlər görülməlidir ki, həmin sulardan istifadə etmək mümkün olsun"

Suyu israf edən əhali deyil, müəssisələr - şirkətlər, restoranlar, broyler fabrikləridir


AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyib ki, Azərbaycanda suya olan tələbatın ödənilməsi üçün suya qənaət sistemi yenidən işlənib hazırlanmalıdır.

Ölkəmizin su ehtiyatlarının hazırkı tələbatı ödəyə bilmədiyini vurğulayan mütəxəssis çıxış yolunu çaylar üzərində kiçik su anbarlarının tikilməsində, daxili su ehtiyatlarından səmərəli istifadədə və suya qənaət sisteminin yenidən işlənib hazırlanmasında görür.

"Altay" Sosial Araşdırmalar Mərkəzi-nin rəhbəri Elçin Bayramlı məsələ haqqında "Şərq"də öz fikirlərini bildirərkən deyib ki, ekoloji proqnozlara əsasən demək olar ki, gələcək illərdə böyük quraqlığın olması gözlənilir:

"Hətta bir çox ölkələr artıq həyəcan təbili çalır və bu istiqamətdə ciddi şəkildə tədbirlər görülməyə başlanılıb. Azərbaycanda da son illər ərzində bu məsələ üzrə bir sıra tədbirlər görülsə də, hələ vəziyyətin yaxşılaşdığını demək olmaz. Ölkəmiz əhali və ərazi nisbətinə görə baxdıqda ən az su düşən ölkələrdən biridir.

Su ehtiyatlarımız olduqca aşağıdır. Onların da 70 faizi xarici mənbələrdə formalaşır. Əgər hər hansı bir qlobal quraqlıq baş versə biz çox ağır vəziyyətə düşəcəyik.

Bununla bağlı uzun illərdir ki, müzakirələr gedir, müəyyən tədbirlər görülür. Amma həmin tədbirlər azmiqyaslıdır. Burda məsələnin iki tərəfi var. Birincisi, yeni su mənbələrinin aşkarlanması, ikincisi isə əldə olan mənbələrdən səmərəli şəkildə istifadə olunmasıdır.

Yeni su mənbələri üçün imkan olan ərazilərdə anbarlar yaradılmalı, artezian quyularının sayı çoxaldılmalı və dəniz suyunun şirinləşdirilməsi üçün zavodlar tikilməlidir. Qarabağın azad olunması ilə su ehtiyatlarımızın 30 faizi özümüzə qayıdıb. Təcili surətdə bu ehtiyatlarla bağlı tədbirlər görülməlidir ki, həmin sulardan istifadə etmək mümkün olsun.

Digər bir məsələ isə suyun qənaətlə idarə olunmasıdır. Bir sıra qurumlar suyun israf olunmasını, əsasən əhalinin boynuna atırlar. Lakin bu yanaşma doğru deyil. Əhali suyu israf etmir. Çünki indiki zamanda hər kəsin evində su sayğacı mövcuddur. İnsanlar da boşuna pul xərcləməmək üçün özlərinə lazım olan qədər sudan istifadə edirlər. Əslində suyu çox sərf edən müəssisələr - şirkətlər, restoranlar, broyler fabrikləridir. Bunun qarşısını almaq məqsədilə həmin sənaye obyektləri üçün suyun qiymətini artırmaq, yaxud başqa qaydalar tərtib etmək olar. Ancaq bütün yükü əhalinin üzərinə atmaq düzgün deyil".

Ekspert sözlərinə əlavə olaraq qeyd edib ki, bəzi qurumların yarıtmaz siyasəti nəticəsində su problemi həll yolunu tapmır:

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "Azərsu"-nun yarıtmaz fəaliyyəti nəticəsində uzun illərdir ki, su problemi həll olunmur. Bununla bağlı ciddi şəkildə tədbir görülməlidir".