Bayraktar "Qarabağ"la təltif olundu

Xalqımızın qəhrəman gözüylə baxdığı PUA-ların istehsalçısı Bakıda ən əziz qardaş kimi qarşılandı

"Mühəndis olaraq bu zəfərə bir töhfə verə bilmək ömrümüz boyu çata biləcəyimiz ən böyük qürur, ən böyük şərəfdir"


Qarabağda dastan yazan “Bayraktar TB2” PUA-larının istehsalçısı, “Baykar” şirkətinin texniki müdiri Səlcuk Bayraktar Azərbaycana səfər edib. Xalqımızın qəhrəman gözüylə baxdığı Bayraktar aprelin 1-də Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşə “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgün də qatılıb.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. Yüksək mükafata görə Prezidentə təşəkkürünü bildirən Bayraktar təltifatın onun üçün böyük bir qürur və şərəf olduğunu söyləyib. Dəyərli qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını da dövlət başçımıza çatdırıb və ölkə rəhbərini Vətən müharibəsindəki möhtəşəm Qələbə münasibətilə təbrik edib. Dövlət başçısı Vətən müharibəsi zamanı Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusilə vurğulayıb. Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezidentimiz Səlcuq Bayraktarın bu uğurların önündə getdiyini qeyd edib. “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu vurğulayıb. 

“Bayraktar PUA-lar Vətən müharibəsində düşmənə ciddi zərbə vurub”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub. Onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.

“Azərbaycana gəlmək mənim üçün böyük bir xoşbəxtlikdir”

Bayraktar Bakıya gəlişinin səbəbini açıqlayıb. Bildirib ki, Qarabağ məsələsi türk xalqının içində 30 il qanayan yara idi: “Mühəndis olaraq bu zəfərə bir töhfə verə bilmək ömrümüz boyu çata biləcəyimiz ən böyük qürur, ən böyük şərəfdir. Bakıya gəlmə səbəblərimdən biri də burada dünyanın ən böyük hava texnologiya festivalının - "Texnofest"in təşkil olunması ilə bağlıdır. Bu gün can Azərbaycana gəlmək mənim üçün böyük bir xoşbəxtlikdir. Azərbaycana ziyarətimizin səbəblərindən biri də "Texnofest" festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”.

“PUA mərkəzi türk dünyasının gələcək hərbi strategiyasının bir hissəsidir”

Siyasi şərhçi, araşdırmaçı-jurnalist Asif Nərimanlı deyib ki, Qarabağ müharibəsinin və dünya müharibə strategiyasının seyrini dəyişən “Bayraktar”ların yaradıcısı Səlcuk Bayraktarın Bakıya gəlişi diqqəti iki məqama yönəldir. Onun sözlərinə görə, Azərbaycan paytaxtında böyük layihələrin təməli atılır: “PUA-ların istehsalı məqsədilə Türkiyə-Azərbaycan ortaq mərkəzinin yaradılması gözlənilir. Bu, Azərbaycanın müdafiə sənayesinin inkişafına dəstəklə yanaşı, ordumuzun ehtiyacı olan pilotsuz uçuş aparatlarının daşınması ilə bağlı yarana biləcək risklərin də önlənməsi məqsədi daşıya bilər. Azərbaycan-İsrail hərbi əməkdaşlığında belə bir təcrübə var. Bakıda yaradıla biləcək pilotsuz uçuş aparatlarının istehsalı mərkəzi türk dünyasının gələcək hərbi strategiyasının bir hissəsidir. Bayraktarın Zirvə toplantısı ilə eyni gündə gəlişi bu ehtimalı gücləndirir. Türk Şurasının 2020-2025 strategiyası” hazırlanır və türkdilli ölkələrin hərbi əməkdaşlığının dərinləşdirilməsi prioritet istiqamətlərdəndir. Bu strategiyada türkdilli ölkələrin ordusunun və döyüş taktikasının dövrün tələbinə uyğun qurulması addımları atıla bilər”. 

“Qarabağ müharibəsi müasir döyüş taktikasında PUA-ların əhəmiyyətini göstərdi”

Analitik vurğulayıb ki, Qarabağda 44 günlük müharibə belə zərurəti bütün dünya üçün yaratdı: “Azərbaycan artıq ordunun Türkiyə təcrübəsinə əsasən qurulması istiqamətində proseslərə start verib, Türkiyə ilə hərbi saziş bağlayan Qazaxıstan və Özbəkistanda da eyni proseslərin olacağını görə bilərik. Qarabağ müharibəsi müasir döyüş taktikasında PUA-ların əhəmiyyətini göstərdi.

İstisna deyil ki, Bakıda yaradıla biləcək ortaq istehsal mərkəzi türk dünyasının hərbi arsenalının bu texnikaya olan ehtiyacının ödənilməsini həyata keçirəcək. Yer olaraq Bakının seçilməsi daşımalarda yarana biləcək risklərə alternativ marşrutun yaradılmasına hesablanıb.

Türkiyədən Azərbaycana və Mərkəzi Asiyaya çıxış üçün əsas marşrut hava yoludur. Zəngəzur dəhlizinin açılması prosesi gedir, lakin təhlükəsizliyini rusların təmin edəcəyi bu dəhlizdən hərbi yüklərin keçidi də həmişə münasib olmaya bilər. Bu baxımdan, Bakıda ortaq istehsal mərkəzi yaradılarsa, yüklərin Mərkəzi Asiya ölkələrinə alternativ marşrutla - dəniz yolu ilə çatdırılması imkanı yaranır və daşımalarda önəmli olan məsafənin yaxınlığı faktoru da var.

Proseslərin inkişafı həm də Bakının türk dünyasının mərkəzi olma perspektivi istiqamətindədir”.