Baydeni çox ağır mübarizə gözləyir

"ABŞ və İran qarşıdurmasına dolayı yolla Çin və Rusiya da cəlb olunur"


ABŞ Prezidenti Co Bayden 25 illik hərtərəfli İran-Çin əməkdaşlıq müqaviləsini narahatedici adlandırıb. Bayden müxbirin “İran-Çin tərəfdaşlığı sizi narahat edirmi” sualına cavab olaraq “Bir ildir bundan narahatam” deyə cavab verib. Qeyd edək ki, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif və çinli həmkarı Yanq Yi tərəfindən Tehranda imzalanan İran və Çin arasında hərtərəfli strateji əməkdaşlığa dair sənəd 2016-cı ildən bəri nəzərdən keçirilir.

Sənəd özəl sektor əməkdaşlığının gücləndirilməsinə, İranın Çinin investisiya və infrastruktur proqramındakı roluna və yeni İpək Yolunun dizaynına yönəlib. Ötən il mətbuata açıqlanan sənəd layihəsində İrana xam neftin Çinə uzunmüddətli tədarükü ilə yanaşı, neft, qaz, neft-kimya, bərpa olunan və nüvə enerji infrastrukturuna investisiya planları da göstərilib. 

İsrail rejiminin keçmiş kəşfiyyat rəisi Amos Yadlin də Təl-Əvivin İran ilə Çin arasındakı hərtərəfli əməkdaşlıq müqaviləsindən narahat olduğunu söyləyib. Yadlin “Yediot Ahronot” qəzetinə verdiyi açıqlamasında, İsrail rejiminin Çin ilə İran arasındakı strateji tərəfdaşlıq və investisiya razılaşmasından narahat olduğunu söyləyərək, İran ilə Çin arasındakı razılaşmanın birgə hərbi təlimlər, inkişaf araşdırmaları və kəşfiyyat əməkdaşlığını da əhatə etdiyini bildirib: “Bir tərəfdən Çin İranın nüvə silahına sahib olmasına qarşı çıxır, lakin digər tərəfdən bunu dayandırmağa kömək etmir. İranın Çinin Amerikaya təzyiq göstərməsinin qarşısını alacaq siyasi müdafiəsinə də ehtiyac var. Çinlilər Bayden rəhbərliyinin Tramp administrasiyası olmadığını və daha aqressiv ola biləcəyini başa düşürlər”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”ə deyib ki, Baydenin xarici siyasət prinsipləri avro-atlantik ideyalara söykənir və əsas rəqiblər – Rusiya, İran sayılır. Ekspertin sözlərinə görə, ABŞ uzun müddət sanksiyalarla İranı zəiflətməyə çalışırdı:

“İranla Çin arasındakı anlaşma 400 milyard dollar dəyərindədir. Bu da İran iqtisadiyyatına qoyulmuş böyük sərmayə deməkdir və birbaşa Çinin bölgədə hegemoniyasının artmasıdır. Məhz bu məqam Vaşinqtonu təşvişə sövq edir. İsraili isə narahat edən odur ki, İran və Çin müqaviləsinin alt qatında hərbi əməkdaşlıqla bağlı detallar yer alır. Qırmızı dəniz boyu yüksək hərbi üstünlüyə malik ərəb ölkələri, o cümlədən Amerika, İsrail və NATO qarşısında duran əsas güc İran və Çindir. İki ölkənin hərbi arsenalının genişlənməsi qarşı cəbhənin silahlı gücünün neytrallaşdırılması məqsədi daşıyır. İran və Çinin Rusiyanın yanında yer alması rəqib düşərgəni ciddi narahat edir. Yəni ABŞ və İran qarşıdurmasına dolayı yolla Çin və Rusiya da cəlb olunur”.